Azərbaycan Hava Yolları (AZAL) ətrafında növbəti qalmaqal yaşanıb. Bakı-Naxçıvan reysinə əvvəlcədən bilet alan sərnişinlər hava limanında insidentlə qarşılaşıblar.
Cagdas.az xəbər verir ki, hadisə şahidləri tərəfindən yayılan görüntülərdən aydın olur ki, 14 iyun 2026-cı il tarixində saat 10:30-da uçmalı olan reysin biletləri sərnişinlərə xəbərdarlıq edilmədən ləğv edilib və başqa şəxslərə satılıb.
Hava limanında çətin vəziyyətdə qalan şəxslər AZAL-ın bu özbaşınalığına etiraz ediblər. Sərnişinlər bildiriblər ki, onların öncədən aldıqları biletlər “ləğv olunub” adı ilə əllərindən alınıb və biletləri başqa şəxslərə satıblar.
“Bizim saat 10:30-da uçuşumuz var idi. Bizə heç bir xəbər etmədən biletlərimizi satıblar. İndi də deyirlər ki, “ləğv olub”. Hərənin bir işi, gücü var, millət burada qalıb”, – deyə narazı sərnişinlər şikayətləniblər.
Vətəndaşlar AZAL-ın bu addımını açıq-aşkar özbaşınalıq kimi qiymətləndiriblər. Şikayətçilər bildiriblər ki, biletləri ləğv olunan sərnişinlərə heç bir kompensasiya və ya alternativ təklif olunmayıb.(sfera.az)
















