2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 5,7 faiz təşkil edib.
Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, hesabat dövründə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,7 faiz artıb.
Komitənin məlumatına görə, 2025-ci ilin iyun ayı ilə müqayisədə illik inflyasiya 5,8 faiz olub. Bununla yanaşı, 2026-cı ilin iyun ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz azalıb.
İyun ayında əvvəlki ayla müqayisədə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz ucuzlaşıb. Bununla belə, ötən ilin eyni ayı ilə müqayisədə həmin məhsulların qiymətləri 7,1 faiz bahalaşıb.
Hesabat dövründə qarabaşaq yarması, toyuq əti, yoğurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağbaş kələm, soğan, qazlı və qazsız suyun qiymətlərində artım qeydə alınıb. Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yaşıl lobya, süfrə çuğunduru, sarımsaq və kartof ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb.
Qeyri-ərzaq məhsulları üzrə isə iyun ayında boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb. Məişət texnikası və zərgərlik məmulatlarının qiymətlərində isə azalma qeydə alınıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 5,6 faiz artıb.
İyun ayında beynəlxalq sərnişin hava daşımaları və ölkədaxili turizm turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi dəyişiklik qeydə alınmayıb.(modern.az)
















