İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkəyə səfər edib.
Cagdas.az –a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib ki, səfər çərçivəsində spiker Sahibə Qafarova Qətər Dövlətinin Əmiri Zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin Lusail Sarayında keçirdiyi başsağlığı qəbulunda iştirak edib.
Bildirilib ki, Milli Məclisin sədri Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını çatdırıb.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, parlamentin Qətər ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev, işçi qrupunun üzvü Kəmaləddin Qafarov və digər rəsmi şəxslər daxildir.
14 iyul 16:58
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinə səfərə gəlib.
Cagdas.az xəbər verir ki, səfərin məqsədi Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Azərbaycan Hökuməti adından Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı verməkdir.
Doha Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətini ölkəmizin Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
















