Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə uyğun qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi zəruridir”.
Cagdas.az xatırladır ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov deyib.
Onun sözlərinə görə, bank kartları ilə fırıldaqçılıq hallarının artmasında bir nəfərin bir neçə bankdan öz adına kart alaraq onu müəyyən pul müqabilində başqalarına satması da xeyli rol oynayır. Belə hallar imkan verir ki, bir nəfərdən fırıldaq yolu ilə əldə edilən pulu sürətlə çoxsaylı bank kartlarına köçürməklə izi itirmək mümkün olsun.
AMB rəsmisinin dediyinə görə, hazırda ölkənin yerli maliyyə bazarında geniş yayılmış fırıldaqçılıq növləri konkret nümunələr əsasında nəzərdən keçiriləcək. E. Cuvarov vurğulayıb ki, bu problemlə mübarizədə ən effektiv təcrübələrdən biri qanunvericilik tədbirlərinin görülməsidir:
“Nümunə olaraq, Rusiyada ödəniş vasitələrinin üçüncü şəxsə ötürülməsinə görə ciddi, hətta azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutan qanunvericilik qüvvəyə minib. Bizdə isə hazırda bu cür tənzimləmə mexanizmi mövcud deyil. Düşünürəm ki, bu istiqamətdə problemin aradan qaldırılması üçün gələcəkdə müvafiq qanunvericilik aktları qəbul edilməlidir”.
Qeyd edək ki, son illərdə nağdsız ödənişlərin stimullaşdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanda istifadədə olan bank kartlarının sayının sürətlə artmasına gətirib çıxarıb. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il may ayının sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min ədəd artaraq 22 milyon 827 min olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyədə olan kartların sayının 12 faiz artması deməkdir.
Məlumata görə, hesabat dövründə debet kartlarının sayı 13 faiz artdığı halda, kredit kartlarının sayı 3 faiz azalıb. Kredit kartlarının azalması tənzimləyicinin istehlak kreditlərinin artım dinamikasını azaltmaq üçün tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. AMB bildirir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. 2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 680 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 620 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1milyard 58 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7 faizini təşkil etmişdir.
Dövriyyədə olan bank kartlarının sayındakı artım onlarla fırıldaqçılıq hallarının da artmasını şərtləndirib. 2026-cı ilin 1-ci rübündə bank kartları ilə ölkə daxilində baş verən fırıldaqçılıq hallarının sayı 4 min 995-ə çatıb. Nəticədə, fırıldaqçılıq hallarının sayı ötən ilin sonuncu rübü ilə müqayisədə 47,51 faiz artıb.
Birinci rübdə bank kartları ilə ölkə xaricində fırıldaqçılıq hallarının sayı 10,68 faiz artaraq 6 min 20-yə çatıb. Məlumata görə, ölkə daxilində fırıldaqçılıq hallarının məbləği ötən ilin sonuncu rübü ilə müqayisədə 24,25 faiz azalaraq 1 milyon 783 min manatdan 1 milyon 350 min manata düşüb. Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği isə bu dövrdə 12,17 faiz azalaraq 370,4 min manatdan 325,3 min manata düşüb.
Mərkəzi Bankın statistikasından o da aydın olur ki, bank kartları ilə fırıldaqçılıq üsulları da dəyişikliyə uğrayıb. Belə ki, 2025-ci ilin birinci rübündə fırıldaqçılıq hallarının 68,8 faizi kart hesabının ələ keçirilməsi yolu ilə baş veribsə, cari ilin birinci rübündə bu göstərici 21,4 faizə qədər azalıb. Ötən ilin birinci rübündə fırıldaqçılıq hallarının 80 faizindən çoxu kartın fiziki iştirakı olmadan qeydə alınmışdısa, 2026-cı ilin birinci rübündə belə hadisələrin payı 60,2 faizə düşüb.
Mərkəzi Bank rəsmisinin qeyd etdiyi məsuliyyət hansı cəzaları nəzərdə tuta bilər? Onlar bank kartları ilə fırıldaqçılıq hallarının azalmasına nə qədər təsir edə bilər?
Hüquqşünas Əkrəm Həsənovun Musavat.com-a dediyinə görə, hələlik Mərkəzi Bankın məhz hansı məsuliyyət növlərini nəzərdə tutduğunu bilmək mümkün deyil:

“Deyirlər, Rusiyada buna görə məsuliyyət var, amma mən başqa ölkələrdə belə bir praktika olmadığını deyərdim. Əlbəttə, əgər mənim kartımla fırıldaqçılıq edilibsə, özümün prosesdə iştirak etmədiyimi sübut edə bilməsəm, məsuliyyət daşıyıram, cəza da almalıyam. Lakin bu, konkret hallar üçündür. Başqa vaxt mən niyə kartımı ailə üzvümə verə bilməyim? Əgər cibimdəki pulu verə bilirəmsə, niyə kartımı da verə bilməyim? Kart nədir – bank hesabından istifadə aləti. Mən etibarnamə verə bilərəm ki, kimsə hesabımdan istifadə etsin. Kartı da kiməsə verə bilərəm istifadə üçün. Mərkəzi Bank, yaxud başqa qurum buna necə nəzarət edəcək ki, kimsə kartını başqasına verməsin? Bu, yalnız o halda bilinəcək ki, kartla fırıldaqçılıq hadisəsi baş versin”.
Ə.Həsənov deyir ki, bank kartını dələduzluq məqsədilə kimlərə vermək elə dələduzluq hadisəsidir:
“Bu, tam bir dələduzluqdur və dələduzluğa görə məsuliyyət cinayət qanunvericiliyində mövcuddur. Düşünürəm ki, Mərkəzi Bankın hansı halları və məsuliyyəti nəzərdə tutduğu təşəbbüs qanunvericilik layihəsinə çevrilib açıqlananda məlum olacaq. Eyni zamanda yəqin ki, mən Mərkəzi Bank sədrinin ekspertlərlə növbəti görüşündə bu məsələ barədə daha ətraflı məlumat alacam”.
Hüquqşünas bir daha qeyd edir ki, bank kartını kimlərəsə satanlarla ailə üzvlərinə, yaxınlarına istifadə üçün verənlərə fərq qoyulmalıdır:
“Aydın məsələdir ki, birincilərin əməli qanunsuzluqdur. Burada əsas məsələ məhz belə halları fərqləndirməkdir”.(musavat.com)
















