Yer kürəsinin qədim dövrlərdəki iqlimi ilə bağlı yeni araşdırma indiyədək qəbul edilən təsəvvürləri dəyişə bilər.
Cagdas.az xəbər verir ki, alimlərin apardığı yeni tədqiqat Yerin milyonlarla il əvvəl düşünüldüyü qədər isti olmadığını ortaya qoyub. Araşdırmaya görə, planetin təbii iqlim tənzimləmə mexanizmləri yüz milyonlarla il ərzində temperaturun kəskin dəyişməsinin qarşısını alıb.
Lids Universitetinin alimləri Fanerozoy dövrünü – təxminən son 540 milyon ili əhatə edən zaman kəsiyini yeni ölçmə üsulu ilə təhlil ediblər. Əvvəlki tədqiqatlarda bəzi geoloji dövrlərdə Yerin temperaturunun sənaye inqilabından əvvəlki səviyyədən 20-30 dərəcə yüksək olduğu irəli sürülürdü. Yeni nəticələr isə bu göstəricinin maksimum 10 dərəcə olduğunu göstərir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu nəticə Yerin keçmişdə güclü təbii tarazlıq mexanizmlərinə malik olduğunu göstərir. Məhz bu mexanizmlər biosferin sabit qalmasına və canlıların təkamülünü davam etdirməsinə imkan verib.
Alimlər eyni zamanda xəbərdarlıq edirlər ki, keçmişdə mövcud olan bu təbii tarazlıq insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmənin təhlükəsini azaltmır. Əksinə, antropogen istiləşmə Yer kürəsini tarixində görünməmiş temperatur dəyişiklikləri ilə üz-üzə qoya bilər.(sfera.az)
















