Rusiyanın cənubunda yerləşən Krasnodar və Nevinnomıssk şəhərlərində Wildberries elektron ticarət platformasına məxsus logistika mərkəzlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Çağdaş.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi və baş direktoru Tatyana Kim məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında həyata keçirilən hücum zamanı əməkdaşlar operativ şəkildə təxliyə olunub. İlkin məlumata əsasən, yaralananlar var və onlara lazımi yardım göstərilir.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, region gecə ərzində intensiv PUA hücumuna məruz qalıb. Hücum nəticəsində Krasnodardakı Wildberries logistika mərkəzində 10 nəfər yaralanıb.
Qubernatorun sözlərinə görə, yaralılardan 3-nün vəziyyəti ağırdır və onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda logistika mərkəzində baş vermiş yanğının söndürülməsi və dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bundan başqa, Armavir şəhərində PUA qalıqlarının bir müəssisənin ərazisinə düşməsi nəticəsində bir əməkdaş həlak olub.
Kondratyev əlavə edib ki, PUA qalıqları Krasnodarda iki yaşayış binasına, Dinskaya qəsəbəsində isə iki fərdi evə ziyan vurub.
Qeyd edək ki, Wildberries Rusiyanın ən iri elektron ticarət platformalarından biridir. Son günlər şirkətə məxsus müxtəlif logistika mərkəzləri də oxşar PUA hücumlarının hədəfinə çevrilib.
















