Yayın sonu və payıza keçid dövründə havanın dəyişməsi, saç dərisinin quruması və hormonal dəyişikliklər saç tökülməsinin artmasına səbəb ola bilər. Saç baxımında kimyəvi tərkibli məhsullardan əlavə, ev şəraitində tətbiq olunan bəzi təbii üsullardan da istifadə edilir.
Cagdas.az saçların sağlam görünüşünü qorumaq və saç dərisinə qulluq etmək üçün 3 sadə üsul təqdim edir.
1. Gicitkən və zeytun yağı maskası
Gicitkən tərkibindəki müxtəlif minerallara görə saç baxımında istifadə olunan bitkilərdən biridir. Zeytun yağı isə saç tellərinin nəmlənməsinə və quruluğun azalmasına kömək edə bilər.
Hazırlanması: Bir xörək qaşığı qurudulmuş gicitkən tozu iki xörək qaşığı ilıq zeytun yağı ilə qarışdırılır. Qarışıq saç diblərinə yüngül masajla çəkilir. Təxminən 30 dəqiqə saxladıqdan sonra saç şampunla yuyulur.
2. Qərənfil suyu
Qərənfil antioksidant xüsusiyyətləri ilə tanınır və saç dərisinə qulluq məqsədilə istifadə edilə bilər.
Hazırlanması: Bir çay stəkanı qaynar suya bir çay qaşığı qərənfil əlavə edilir və 15 dəqiqə dəmlənir. Daha sonra süzülüb soyudulur və saç diblərinə tətbiq edilir.
3. Aloe vera və çay ağacı yağı
Aloe vera saç dərisinin nəmlənməsinə kömək edə bilər. Çay ağacı yağı isə saç dərisinə qulluq məhsullarında istifadə olunan efir yağlarından biridir.
Hazırlanması: İki xörək qaşığı saf aloe vera gelinə 3 damcı çay ağacı yağı əlavə edilir. Qarışıq saç diblərinə yüngül şəkildə tətbiq olunur və 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.
Qeyd edək ki, təbii üsullar saç tökülməsinin səbəbini müalicə etmir və hər kəsdə eyni nəticəni verməyə bilər. Saç tökülməsi uzun müddət davam edirsə və ya nəzərəçarpacaq dərəcədə artırsa, səbəbin müəyyənləşdirilməsi üçün dermatoloqa müraciət etmək daha məqsədəuyğundur. Efir yağları isə dəridə qıcıqlanma yarada bildiyi üçün istifadə etməzdən əvvəl kiçik bir sahədə yoxlanılması məsləhətdir.(sfera.az)
















