Ölkədə iqtisadi və sosial gərginlik artır. Qiymət artımları, real gəlirlərin inflyasiyanın gerisində qalması, sahibkarların üzləşdiyi vergi, rüsum, cərimə, icazə və lisenziya yükü iqtisadi aktivliyi zəiflədir. İş adamlarının narazılığı artır, gənclərin xaricə getmək istəyi güclənir, cəmiyyətdə gələcəklə bağlı narahatlıq dərinləşir.
Belə bir vəziyyətdə vətəndaşın sosial və iqtisadi baxımdan rahatlaması üçün hökumətin ata biləcəyi konkret addımlar var. Daha fundamental islahatlara ehtiyac olsa da, ən azı beş istiqamətdə qərarların qəbul edilməsi ölkədə iqtisadi fəallığın və ictimai gözləntilərin yaxşılaşmasına ciddi təsir göstərə bilər.
Çağdaş.Az xəbər verir ki, bu sözlərlə fikirlərini açıqlayan iqtisadçı Natiq Cəfərli beş bəndlik plan açıqlayıb.
Natiq Cəfərlinin təklif etdiyi “rahatlıq planı” belədir:
1) Quru səhədlərin açılması, sərhədyanı ticarətin canlandırılması,
2) Kiçik-orta sahibkarlar üçün ƏDV-yə düşməyən dövriyyənin 1 milyon manata qaldırılması, Bakı və Abşeronda dövriyyədən cəmi 4%, regionlarda isə 2%-lik vergi sisteminin tədbiqi, digər bütün ödənişlədin (DSMF xaric) ləğv edilməsi və paralel olaraq Dövlət vəsaiti hesabına aqrar və isvestisiya bankının təsis edilməsi – fermerlərə və istehsalla, xidmətlə birbaşa məşğul olub əlavə dəyər və iş yerləri yaradan sahibkarlara simvolik olaraq 2%-lə kreditlərin verilməsi (kreditlər ancaq kiçik-orta sahibkarlığı əhatə etməlidir),
3) Müxtəlif proqramlarla ölkədə 500 minə yaxın uşaqlara müavinatlar verilir, onların birləşdirilərək böyük və pilləli proqramın qəbulu, ikinci uşaqdan başlayaraq hər bir övlad üçün 100 manat dövlət dəstəyinin qəbul edilməsi,
4) Aşırı tənzimləmə üçün nəzərdə tutulan bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya, səlahiyyətlərinin kəskin azaldılması, onların məsləhətçi orqanlara çevrilməsi,
5) DSMF-də vətəndaşların yığım kapitalına çıxış imkanlarını (müxtəlif formalarda – bu məsələ ilə bağlı ayrıca qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyik) təmin etmək üçün qanunlara dəyişikliklərin edilməsi”.
O bildirib ki, bu addımları ilin sonuna qədər atsaq, məmləkətdə vətəndaş rahatlayar, gələcəyə ümidi artar, ölkəmizin iqtisadi daralma burulğanından çıxmasına yardımçı olar:
“Azərbaycanın bir nömrəli problemi iqtisadi aktivliyin zəifləməsi, daralmasıdır – qalan hər şey bundan doğan nəticədir. Səbəb dəyişməsə, nəticəni dəyişdirmək mümkün olmaz…”/Musavat.com/















