Son illərdə Azərbaycanda doğum sayının azalması fonunda sonsuzluq problemi də daha çox müzakirə olunur. Sonsuzluğun səbəblərinin müəyyənləşdirilməsi üçün aparılan müayinələrin və süni mayalanma prosedurunun yüksək qiyməti isə bir çox ailənin müalicəyə çıxışını çətinləşdirir.
Cagdas.az xəbər veriri ki Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva Modern.az-a açıqlamasında bildirib ki, reproduktiv sağlamlıq məsələsi parlamentdə bir neçə dəfə müzakirəyə çıxarılıb.
Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi hazırda aktualdır:
“Qanun layihəsi yeni versiyada müvafiq dövlət qurumu tərəfindən hazırlanıb. Sonsuzluğun müalicəsində istifadə olunan müxtəlif metodlar bu gün cəmiyyətin ehtiyacı və dövrün tələbidir”.

Deputat vurğulayıb ki, övlad sahibi olmaq istəyən şəxslərin hüquqlarının qorunması ilə yanaşı, bu prosedurları həyata keçirən tibb müəssisələrinin məsuliyyəti də dəqiq müəyyənləşdirilməlidir:
“Bu sahədə hüquqi bazanın yaradılması, səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi və mümkün neqativ hallara qarşı dövlət nəzarətinin gücləndirilməsi məqsədəuyğun olardı”.
Pərvanə Vəliyeva hesab edir ki, bahalı süni mayalanma proseduru müəyyən məhdudiyyətlər daxilində icbari tibbi sığorta hesabına qarşılana bilər:
“Süni mayalanma proseduru bir və ya iki dəfə icra olunmaq şərtilə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilə bilər. İlkin mərhələdə bu xidmət müştərək maliyyələşdirmə mexanizmi ilə də tətbiq oluna bilər. Təbii ki, burada icbari tibbi sığortanın mövcud resurs və imkanları nəzərə alınmalıdır”.
Belə bir mexanizmin tətbiqi sonsuzluğun müayinə və müalicəsini daha çox ailə üçün əlçatan edə bilər.
















