“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.
Çağdaş.Az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a turizm üzrə ekspert Cəfər Qarayev deyib. O, bildirib ki, önümüzdəki günlərdə Qarabağa səfərlərə maraq çox olacaq:
“İnsanlar bayram günlərində qohumlarını, yaxınlarını və valideynlərini ziyarət edirlər. Bir növ qarşılıqlı gediş-gəliş olur: Bakıda yaşayanlar rayonlara, bölgələrdə yaşayanlar isə paytaxta üz tuturlar. Bununla yanaşı, paytaxt sakinləri istirahət etmək üçün bölgələrə də gedirlər.
Qızıl payız mövsümünü nəzərə alsaq, eləcə də Azərbaycanın Kiçik və Böyük Qafqaz dağlarının gözəlliyini düşünəndə, hesab edirəm ki, bu bayram günlərində ən çox səfər ediləcək istiqamətlərdən biri Qarabağ olacaq. İnsanlar oradakı hotellərdə və istirahət mərkəzlərində qalaraq həm dincələcək, həm də Zəfər Gününün mənəvi əhəmiyyətini daha yaxından hiss edəcəklər”.
Ekspert Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkiyə də səfərlərin çox olacağını düşünür:
“Bununla yanaşı, ölkənin şimal və şimal-qərb bölgələrinə səfərlərin də az olmayacağını düşünürəm. Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki kimi bölgələr payız fəslində xüsusi gözəlliyi ilə seçilir. Göl ətrafındakı ərazilərdə də payız mənzərələri daha aydın hiss olunur. Buna görə də həmin istiqamətlərə tələbatın olacağı gözlənilir.
Bayram günlərində hotellərin və istirahət mərkəzlərinin qiymətlərinə nəzər salanda görürük ki, bəzi dörd və beşulduzlu hotellər, xüsusilə də özünü yerli brend kimi təqdim edən müəssisələr tətil günlərindən istifadə edərək qiymətləri artırıblar. Bununla belə, bəzi digər hotellər, o cümlədən üçulduzlu və müəyyən dördulduzlu müəssisələr qiymətlərini dəyişməyiblər”.
C. Qarayevin sözlərinə görə, iki nəfərin şəxsi avtomobillə rayonda üç gecə, dörd gün istirahəti təxminən 700-800 manata başa gəlir:
“Xarici turistlərlə işləyən bəzi hotellərdə də bayram tarixləri üçün qiymət artımı müşahidə olunur. Bir çox müəssisə bayram günləri üzrə qiymətlərini artıq indidən elan edib. İki nəfərlik gənc ailənin üç-dörd günlük istirahəti üçün təxminən 700-800 manat büdcə ayırması məqsədəuyğun olar. Cütlük şəxsi avtomobili ilə rayona gedərək üç gecə, dörd gün istirahət edə və müxtəlif yerləri gəzə bilər. Nisbətən münasib qiymətli mehmanxanada qalmaq, səhər yeməyini də yerləşmə qiymətinə daxil etmək mümkündür. Günorta və axşam yeməkləri isə restoran və kafelərdə yeyildikdə, iki nəfər üçün ümumi xərc təxminən 700-800 manata çatır”.


