Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı müqavilə bağlanmaması həm ev sahibləri, həm də kirayəçilər üçün ciddi hüquqi problemlər yarada bilər. Xüsusilə mənzilin boşaldılması, ödənişlərin həyata keçirilməsi, əmlaka vurulan zərərin ödənilməsi və qeydiyyat məsələləri tərəflər arasında mübahisələrə səbəb olur. Digər tərəfdən, kirayə münasibətlərinin rəsmiləşdirilməsi üçün vergi mexanizminin təkmilləşdirilməsi də vacib hesab olunur.
Cagdas.az bildiriri ki mövzu ilə bağlı Referans Media-ya açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Əsədov bildirib ki, kirayə münasibətlərində hər iki tərəfin hüquqlarının qorunması üçün yazılı müqavilənin bağlanması vacibdir.
Ekspertin sözlərinə görə, müqavilə olmadan yaranan münasibətlər həm ev sahibini, həm də kirayəçini hüquqi baxımdan müdafiəsiz vəziyyətdə qoya bilər:
“Daşınmaz əmlakın kirayəyə verilməsində hər iki tərəfin marağı olmalıdır. Onlar anlamalıdırlar ki, həm kirayə verən, həm də kirayə götürən müqavilə olmadan risk edir. Hüquqların və öhdəliklərin tənzimlənməsi üçün yazılı formada müqavilə bağlanmalıdır. Şifahi razılaşmalar gələcəkdə problemlər yarada bilər. Müqavilə hər iki tərəfin hüquqlarını qoruyan əsas sənəddir”.
Ekspert qeyd edib ki, müqavilədə kirayə münasibətlərinə dair bütün vacib şərtlər əvvəlcədən razılaşdırılmalıdır:
“Müqavilədə qanunvericiliyə zidd olmayan və onun predmetinə uyğun istənilən şərt əks oluna bilər. Mənzilin ünvanı, kirayə müddəti, aylıq ödənişin məbləği, kirayə haqqının dəyişdirilib-dəyişdirilməyəcəyi, dəyişikliklərin hansı şərtlərlə aparılacağı, ödənişin nağd və ya bank köçürməsi ilə həyata keçirilməsi, eləcə də verginin kim tərəfindən ödənilməsi göstərilməlidir”.
E.Əsədovun sözlərinə görə, müqavilənin pozulması qaydaları, cərimələr və depozit məsələsi də diqqətdə saxlanılmalıdır. Onun fikrincə, depozit ev sahibinin mümkün zərərlərdən qorunması baxımından əhəmiyyətlidir:
“Depozitin olması yaxşıdır. Çünki kirayə verən bununla mənzildə yarana biləcək zərərlərdən müəyyən qədər özünü qorumuş olur. Söhbət mənzilin və əşyaların zədələnməsindən, ehtiyatsız davranışdan, vandalizm hallarından və digər mümkün problemlərdən gedir. Kirayəçi də bilməlidir ki, mənzildən istifadə zamanı hansı məsuliyyəti daşıyır. Depozitin hansı hallarda saxlanılması və geri qaytarılması müqavilədə dəqiq göstərilməlidir”.
Ekspert əlavə edib ki, mənzildə yaşayacaq şəxslərin sayı, kirayə müddəti və qeydiyyat məsələləri də müqavilədə öz əksini tapmalıdır:
“Kirayəyə verən özünü həm də bu baxımdan qorumalıdır ki, mənzildə neçə nəfərin yaşayacağını və onların hansı müddət ərzində qalacağını əvvəlcədən bilsin. Qeydiyyat məsələsi də vacibdir. Qanunvericiliyə əsasən, yaşayış yerini dəyişən vətəndaşların qeydiyyatı ilə bağlı müəyyən tələblər var. Bu məsələlərin müqavilədə əks olunması məqsədəuyğundur. Kirayə götürən də rəsmi müqavilə əsasında mənzildə yaşamaq və müvafiq qeydiyyat hüquqlarından istifadə etmək imkanına malik olur”.
E.Əsədovun fikrincə, kirayə münasibətlərində ən ciddi problemlərdən biri mənzilin boşaldılması və qeydiyyatdan çıxma ilə bağlı yaranır:
“Bəzən kirayəçi müqavilə müddəti başa çatdıqdan sonra mənzili boşaltmaq istəmir və ya bunu vaxtında etmir. Elə hallar da olur ki, mənzildən çıxarkən kommunal xərcləri ödəmir. Amma ən ağır problemlərdən biri qeydiyyatdan çıxmamaqdır. Bir çox ev sahibləri məhz bu səbəbdən kirayəçiləri mənzilə qeydiyyata salmaq istəmirlər. Vətəndaş başqa ünvana köçür, lakin yeni yaşayış yerində qeydiyyata düşə bilmir və əvvəlki kirayə ünvanında qeydiyyatda qalır. Bu da ev sahibi üçün problem yaradır. Belə hallarda məsələ məhkəməyə qədər gedib çıxa bilər”.
Ekspert kirayə bazarında qeyri-rəsmi münasibətlərin geniş yayılmasının əsas səbəblərindən biri kimi vergi yükünü də göstərib. O hesab edir ki, vergi dərəcəsinin daha da azaldılması və mexanizmin sadələşdirilməsi vətəndaşların müqavilə bağlamağa marağını artıra bilər:
“Əvvəllər kirayə gəlirlərinə tətbiq edilən vergi 14 faiz idi. Mən də bu mexanizmin sadələşdirilməsi və verginin azaldılması ilə bağlı təklif verənlərdən biri olmuşam. Məqsəd bu sahədə rəsmiləşməni artırmaq və qeyri-rəsmi münasibətlərin qarşısını almaqdır. Lakin verginin 14 faizdən 10 faizə endirilməsi bazara ciddi təsir göstərmədi. Mənim fikrimcə, bu vergi ən azı 5-6 faizə qədər azaldılmalıdır ki, vətəndaşlar kirayə münasibətlərini rəsmiləşdirməkdə maraqlı olsunlar”.
E.Əsədov bildirib ki, hazırda ölkədə kirayə münasibətlərinin böyük hissəsi qeyri-rəsmi həyata keçirilir və vergi dərəcəsinin azaldılması bu vəziyyətin dəyişməsinə kömək edə bilər:
“Ölkədəki əmlakların 90-95 faizinə qədərinin kirayəyə verilməsi qeyri-rəsmi şəkildə həyata keçirilir. Verginin 10 faizə endirilməsi ciddi dəyişiklik yaratmayıb. Hesab edirəm ki, daha aşağı vergi dərəcəsi tətbiq edilməlidir. Əks halda, bu sahədə ciddi irəliləyiş əldə etmək çətin olacaq”.
Beləliklə, ekspertin fikrincə, kirayə bazarında şəffaflığın təmin olunması üçün həm müqavilə mədəniyyəti formalaşmalı, həm də vergi siyasəti daha stimullaşdırıcı olmalıdır. Əks halda, müqaviləsiz kirayə münasibətləri ev sahibləri və kirayəçilər arasında hüquqi mübahisələrin yaranmasına səbəb olmaqda davam edəcək.


