Azərbaycanda bəzi bankların 70-73 yaşadək vətəndaşlara kredit verməsi pensiya yaşını keçmiş şəxslərin kredit imkanları və borcalanın vəfatı halında yaranan hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir. Xüsusilə yaşlı şəxslərin yalnız pensiya gəliri hesabına kredit götürməsi və borcun ödənilmədiyi halda hansı hüquqi mexanizmlərin tətbiq olunması maraq doğurur.

Cagdas.az bildiriri ki Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, banklar kredit verərkən borcalanların yaş həddi ilə bağlı qərar verməkdə sərbəstdirlər.
Ekspertin sözlərinə görə, insanın yaşı artdıqca vəfat etmə ehtimalı da yüksəlir. Bu səbəbdən banklar yaşlı şəxslərə kredit ayırarkən müəyyən riskləri nəzərə alırlar:
“Bu məsələdə banklar tamamilə sərbəstdir. Yəni kimi istəyirlərsə, ona da kredit verirlər. Aydın məsələdir ki, insanın yaşı nə qədər çoxdursa, vəfat etmə ehtimalı da bir o qədər yüksəkdir. Banklar öz pullarını kredit vermirlər, əmanətçilərin vəsaitlərini kredit şəklində təqdim edirlər. Sabah problemli kreditlərin artmasından danışırıqsa, bu məqamı da nəzərə almalıyıq.
Təbii ki, bu, heç də o demək deyil ki, banklarda, məsələn, 70 yaşdan yuxarı şəxslərə ümumiyyətlə kredit verilmir. Banklar borcalanın maliyyə vəziyyətini qiymətləndirirlər. Pensiyasının məbləği nə qədərdir, əlavə girov qoya bilərmi, zamini varmı – bütün bunlar nəzərə alınır. Bu şərtlər olduqda kredit verilməsində problem yaranmaya bilər.
Amma adətən yaşlı şəxs banka müraciət edərək yalnız pensiyasının olduğunu bildirir. Əlavə girovu və zamini olmur. Belə olan halda, həmin vətəndaşın vəfat etməsi ehtimalı da nəzərə alınmalıdır.
Ümumiyyətlə, hər kəs öz əmlakı ilə borcuna görə məsuliyyət daşıyır. Şəxs vəfat etdikdə onun əmlakı vərəsələrinə keçirsə, vərəsələr qəbul etdikləri miras həddində həmin şəxsin borclarını da ödəyirlər. Əgər miras qəbul edilmirsə və ya borcun ödənilməsi üçün kifayət qədər əmlak qalmayıbsa, vərəsələr şəxsi vəsaitləri hesabına həmin borcu ödəməli deyillər.
Məsələn, bir vətəndaş bankdan 3-5 min manat kredit götürür, pensiyası 400-500 manat olur və sonradan vəfat edir. Onun banka 1000 manatdan artıq borcu qalır, lakin adına heç bir əmlak yoxdur. Belə halda qanunvericiliyə görə, heç kim həmin borcu öz vəsaiti hesabına ödəməyə məcbur deyil. Əgər vəfat edən şəxsdən avtomobil və ya başqa əmlak qalıbsa, həmin əmlak miras kimi qəbul edildiyi halda borcun ödənilməsi məsələsi də yaranır”.


