Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalova məxsus olduğu bildirilən 74 BB 555 nömrəli “Hyundai” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan qazi 1994-cü il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib, 1990-cı il təvəllüdlü deputat Təbriz Zeynalov və 1994-cü il təvəllüdlü Əmrah Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə bağlı Çağdaş.Az saytının suallarını cavablandıran vəkil Samir Əsədov bildirib ki, deputatın cinayət törətməsinə dair əsaslı şübhələr yarandıqda, bu barədə dərhal Naxçıvan Muxtar Respublikasının prokuroruna məlumat verilməlidir. Bundan sonra prokuror deputatın toxunulmazlıq hüququna xitam verilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdimat göndərir.
Ali Məclis təqdimata baxaraq məsələni müzakirəyə çıxarır və deputatın toxunulmazlığının ləğvi barədə qərarı səsvermə yolu ilə qəbul edir. Qərarın qəbul edilməsi üçün deputatların sadə səs çoxluğu kifayətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 45 deputatdan ibarət olduğundan, qərarın qəbul olunması üçün ən azı 23 deputatın və ya iclasda iştirak edən deputatların yarıdan çoxunun lehinə səs verməsi tələb olunur.
Qərar qəbul edildikdən sonra deputatın toxunulmazlıq hüququna xitam verilmiş hesab olunur və onun barəsində qanunvericiliyə uyğun bütün istintaq hərəkətlərinin aparılması mümkün olur.
Samir Əsədov qeyd edib ki, belə hallarda ilk növbədə qəzanın həqiqətən deputat tərəfindən törədilib-törədilmədiyi dəqiqləşdirilməlidir. Əgər ilkin sübutlar deputatın hadisəni törətdiyini göstərirsə, o cümlədən Dövlət Yol Polisi əməkdaşlarının hadisə yerində topladığı materiallar, hadisə yerinə gələn müstəntiqin araşdırması, deputatın özü, avtomobildə olan sərnişinlər, qarşı tərəfdəki şəxslər və ya hadisə şahidlərinin ifadələri bunu təsdiqləyirsə, qanunvericilikdə nəzərdə tutulan prosedurlar mərhələli şəkildə həyata keçirilir.
Xəqani Əzizli


