Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar açır. Bu əməkdaşlığın gələcəkdə Cənubi Qafqazda ortaq universitetlərin yaradılmasına yol açıb-açmayacağı da maraq doğurur.
Cagdas.az bildirir ki mövzuyla bağlı Modern.az-a danışan deputat Hikmət Baboğlu bildirib ki, Cənubi Qafqazda Azərbaycanın elm və təhsil mərkəzidir.
“Azərbaycan daim Cənubi Qafqazda mədəniyyət, elm, təhsil yayan mərkəz olub. Bu gün Azərbaycan həm iqtisadi baxımdan, həm kommunikasiya baxımından yenə də regional mərkəz rolunu oynayır. Ona görə də Azərbaycan təhsilinin də bu geniş miqyası əhatə etmə zərurəti var. Çox müsbət haldır ki, bu gün Azərbaycan universitetləri Gürcüstanda görüşlər keçirirlər. Gürcüstanda yaşayan həmvətənlilərimizin, həm də bütövlükdə Gürcüstan vətəndaşlarının Azərbaycan təhsilinə cəlb olunması sadəcə təhsil və elm hadisəsi olmayacaq, həm də Gürcüstan və Azərbaycan arasında inteqrasiyanı mədəni-elmi müstəvidə daha yeni bir mərhələyə qaldıracaqdır”.
Deputat qeyd edib ki, Qafqaz Universitetləri Birliyinin yaradılması mümkün haldır.
“Necə ki, vaxtilə 90-cı illərin əvvəllərində siyasi birlik kimi Cənubi Qafqaz evi yaradılması nəzərdə tutulurdu, ondan əvvəl hətta Zaqafqaziya federativ dövləti yaradılması ideyası vardı bütün bunların hamısı iflasa uğradı və baş tutmadı. Ona görə də düşünürəm ki, əgər ümumi Cənubi Qafqazda nəsə yaratmaq lazımdırsa, elə ən güclü həlqə universitetlər birliyi ola bilər. Lakin, bu addım üçün tədbirlər görməli və tam hazır olmalıyıq”.
Deputatın fikirlərinə görə yaxşı kadr hazırlamalıyıq ki, Gürcüstan və Ermənistandakı arxivlərdən faydalı istifadə edək.
“Çünki Azərbaycan tarixinin ən qədim qatları Ermənistanda, Matenadanda, kilsə kitabxanalarında saxlanılır. Digər universitetlərdə də müəyyən yeni mənbələr var. Həmçinin, Tiflis Səfəvi dövləti, Əfşarlar dövləti, Qacarlar dövləti dövründə dövlətimizin içərisində olduğuna görə orada orta əsr tariximizin böyük külliyyatı var. Ona görə də biz yaxşı kadrlar hazırlamalıyıq ki, bütün bu arxiv və mənbələrdən istifadə edə bilək”.
“Azərbaycan tarixini saxtalaşdırmaq əsasında alim, akademik, professor olan bəzi dırnaqarası tarixçilərimiz İqrar Əliyev məktəbinin davamçısı olaraq tam əksinə Gürcüstan arxivlərində işləyən zaman bizim tarixi saxtalaşdırırlar. Allah göstərməsin ki, onların əli Matenadara da çatsın. Çünki onlar ermənilərlə birlikdə tariximizi saxtalaşdırarlar. Bütün bu təhlükələrdən qorunmaq üçün biz savadlı və güclü kadr hazır etməliyik” – H. Babaoğlu sonda bildirib


