ABŞ Maliyyə Naziri Skott Bessent İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlərin ABŞ sanksiyaları ilə üzləşə biləcəyini bildirib.
Cagdas.az xəbər verir ki, Bessent “X” sosial media hesabında paylaşım edərək bildirib:
“Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidirlər, o cümlədən reaktiv yanacaq, qida, eniş haqqı və ya texniki xidmətlə bağlı”.
O qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi “İran şirkətlərinə kömək edən və ya onlarla iş görən hər hansı üçüncü tərəfə qarşı tədbir görməkdən çəkinməyəcək”.
Ötən cümə günü ABŞ Maliyyə Nazirliyi Çin, BƏƏ, Liberiya, Panama, Vyetnam, Vircin adaları, Kayman adaları və Marşal adalarının yurisdiksiyalarında yerləşən 20 şirkətə, eləcə də İranla əlaqəli 19 neft tankerinə qarşı sanksiyaları genişləndirib. Çinin ən böyük neft-kimya kompleksi olan “Hengli Petrochemical” da siyahıya əlavə edilib.(Referans Media )
















