Avropa İttifaqı (Aİ) artan peyk tələbatı səbəbindən kosmosa çıxış imkanlarında yeni böhranla üzləşir.
Çağdaş.Az-ın xəbərinə görə, Aİ Komissiyasının müdafiə və kosmos üzrə üzvü Andrius Kubilius bildirib ki, Avropa buraxılış raketləri ilə bağlı əvvəlki problemləri geridə qoysa da, yaxın illərdə artan peyk ehtiyacı yeni tutum çatışmazlığı yaradacaq.
Kubilius Brüsseldə keçirilən 2-ci Aİ Kosmosa Çıxış Konfransında çıxışı zamanı bildirib ki, qarşıdakı 10 il ərzində dünya üzrə təxminən 50 min peykin kosmosa göndərilməsi gözlənilir. Lakin hazırkı buraxılış imkanları bu tələbi qarşılamaq üçün kifayət etmir.
Aİ rəsmisi qeyd edib ki, Avropanın əsas kosmik layihələri olan peyk naviqasiya sistemi Qalileo, yer müşahidə proqramı Kopernikus proqramı və təhlükəsiz peyk rabitə şəbəkəsi IRIS² üçün 2034-cü ilə qədər 62 kosmik buraxılış həyata keçirilməlidir.
“Bu boşluğu aradan qaldırmalıyıq. Avropanın kosmik proqramları, müdafiəsi və təhlükəsizliyi bundan asılıdır”, – deyə Kubilius vurğulayıb.
Kubilius Avropanın kosmosa müstəqil çıxış imkanlarının təmin edilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Aİ gələcəkdə xarici raket sistemlərindən asılı vəziyyətdə qalmaq istəmir və öz kosmik infrastrukturunu gücləndirməlidir.
Aİ Komissiyasının üzvü əlavə edib ki, Avropadakı buraxılış məntəqələri, istehsal və sınaq mərkəzlərinə səfərlər edərək imkanların artırılması yollarını araşdıracaq.
Kubilius bildirib ki, gələn il kosmosa çıxış imkanlarının inkişafı ilə bağlı xüsusi fəaliyyət planının təqdim edilməsi nəzərdə tutulur.
















