Yeni il gecəsi ənənəvi olaraq atəşfəşanlıqla qeyd olunsa da, bu pirotexniki vasitələrin insan sağlamlığına, ətraf mühitə və heyvanlara ciddi zərərlər vurduğunu bildirilir.
Cagdas.az xəbər verir ki, aparılan araşdırmalara əsasən, bir neçə saatlıq atəşfəşanlıq uzunmüddətli fəsadlara yol aça bilər. Atəşfəşanlıq zamanı havaya yayılan xırda toz hissəcikləri, karbon monoksid, azot oksidləri və kükürd dioksid hava keyfiyyətini kəskin şəkildə pisləşdirir. Bu göstəricilər bəzi şəhərlərdə Yeni il gecəsi normadan 10-20 dəfə yüksək olur. Xüsusilə astma, bronxit və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu, ciddi risk yaradır.
Bununla yanaşı, pirotexniki vasitələrin tərkibində rəng effektləri yaratmaq üçün stronsium, barium, mis və alüminium kimi ağır metallar istifadə olunur. Bu maddələr partlayışdan sonra torpağa və suya qarışaraq ekosistemi çirkləndirir. Bildirilir ki, bəzi kimyəvi maddələr, xüsusilə perxloratlar qalxanabənzər vəzin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Həmçinin atəşfəşanlıq zamanı yaranan yüksək səs dalğaları insanlarda stress, qorxu və eşitmə problemlərinə səbəb olur. Uşaqlar və yaşlılar bu təsirlərə daha həssasdır. Ev heyvanları və vəhşi fauna isə yüksək səslər səbəbndən ciddi stress keçirir, bəzi hallarda davranış pozuntuları və hətta ölüm halları qeydə alınır. Qeyd edək ki, bir çox ölkə artıq ənənəvi atəşfəşanlıqların əvəzinə lazer, dron və işıq şoularına üstünlük verir. Bu üsullar həm daha təhlükəsiz, həm də ətraf mühit üçün daha az zərərli hesab olunur.(sfera.az)










