Dünyanın əksər ölkələrində işəgötürənlər işçilərinə ən azı ildə bir dəfə əlavə stimullaşdırıcı tədbir kimi maaşa dəxli olmayan mükafat ödəyirlər. Musavat.com xəbər verir ki, xüsusilə uğurlu nəticələr əldə edilən zaman mükafatların məbləği daha yüksək olur.
Cagdas.az bildirir ki, SSRİ-də bu mükafatlandırma “13-cü əmək haqqı” kimi rəsmiləşdirilmişdi – hər il müəssisələrin uğurlu, yaxud uğursuz nəticəsindən asılı olmayaraq işçilərə 1 aylıq əmək haqqı artıq verilirdi. Adətən, bunu işçi əmək məzuniyyətinə çıxanda, yaxud yeni il ərəfəsində həyata keçirirdilər.
SSRİ dağıldıqdan sonra əksər postsovet ölkələrində bu təcrübə bir müddət davam etdirildi. Azərbaycanda isə 2000-ci illərin əvvəlinədək demək olar ki, bütün iri müəssisələr fəaliyyətini dayandırdı, bir çoxu özəlləşdirildi, əmək qanunvericiliyinə 13-cü əmək haqqını könüllü mükafatla əvəz edən müddəalar salındı. Buna baxmayaraq, Dövlət Neft Şirkəti və ona bağlı qurumlarda əmək məzuniyyətinə çıxan işçiyə 1 aylıq əmək haqqı məbləğində əlavə məzuniyyət haqqının ödənilməsi praktikası 2010-cu illərə qədər saxlanıldı, daha sonra ləğv olundu.
SSRİ-nin varisi olan Rusiyada da işçilərin mükafatlandırılması könüllülük prinsipinə keçirildi. Lakin bu ölkədə işçilərin mükafatlandırılması işəgötürənlər üçün yazılmamış məcburiyyətə çevrilib, uzun müddət davam etdi. İndi isə Rusiya Dövlət Dumasında 13-cü əmək haqqı, həmçinin təqaüdçülər üçün 13-cü pensiya ödənişinin əmək qanunvericiliyinə məcburi norma kimi daxil edilməsi ilə bağlı təkliflər gündəmə gətirilib, geniş müzakirələrə səbəb olub. Bundan əlavə, əmək qanunvericiliyinə edilən dəyişikliyə əsasən 2025-ci ilin 1 sentyabrından etibarən işçiyə ödəniləcək əlavə maaş-mükafatın həcminin, ödənilmə vaxtının əvvəlcədən rəsmiləşdirilməsi tələb olunur.
Bəs Azərbaycanda necə – “13-cü maaş” və “13-cü pensiya” mexanizminin qanunvericilikdə təsbit olunmaqla tətbiqi realdırmı?
Qeyd edək ki, ümumiyyətlə, nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu adla mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar, əlavə məzuniyyət, əmək haqqına fərdi əlavə, daha yüksək məbləğdə fərdi sığorta, sanatoriya-kurort müalicəsi, turist səfərləri və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
Son illərdə Azərbaycanda özəl sektorda bir çox iri müəssisələr, xüsusilə xarici investisiyalı, yaxud xarici kapitalın iştirakı ilə yaradılan birgə müəssisələrdə ilin yekununda əmək haqqının ən azı illik inflyasiya həddində artırılması təcrübəsi geniş yayılıb. Bundan əlavə, işdə yüksək nəticələr əldə edən əməkdaşlara fərdi qaydada mükafatların verilməsi təcrübəsi də vcar. Dövlət qurumlarında isə bu ilin yanvarına qədər mükafat və bonus mexanizmləri mövcud idi. Bu mexanizmlər işçilərin maaşına ciddi əlavələrin edilməsinə imkan verirdi. Yanvardan etibarən bu mexanizmlərin hamısı ləğv edilib, vahid və fiksə olunmuş maaş məbləği sisteminə keçilib. Bu sektorda yalnız işçilərin həmkarlar ittifaqları xəttilə sanator-kurort müəssisələrinə güzəştli şərtlərlə göndərişlər alması mexanizmi saxlanıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun Musavat.com-a dediyinə görə, 13-cü maaş Sovet mükafat sisteminin bir atributu idi: “Adətən, ilin sonunda bütün işçilərə verilirdi. SSRİ dağılandan sonra Azərbaycanda bir müddət qaldı bu təcrübə. Mən xartırlayıram ki, SOCAR Həmkarlar İttifaqlarında işləyəndə almışam. Sonradan ləğv olundu. İndi özəl sektorda işəgötürənlərdən asılıdır, istəsələr, 13 yox, 14, 15-ci əmək haqqı da verə bilərlər. Qanunvericilikdə bu sahədə işəgötürənlərə hər hansı məhdudiyyət qoyulmur, öz mükafatlandırma mexanizmini özləri müəyyən edirlər. Dövlət sektoruna gəlincə, düzü, bunu real saymıram. Çünki dövlət qurumlarında əmək haqqı bu yaxınlarda vahidləşdirilib. Bundan əvvəl dövlət qulluğunda maaşın tərkibi əmək haqqı, əmək haqqına əlavələr və dövlət qulluğu səlahiyyətlərinə görə olmaqla 3 hissəli idi. İndi onu vahid bir maaşda birləşdiriblər. Yəni büdcə təşkilatlarında mükafat sistemi qalsa da, 13-cü əmək haqqının tətbiqi mümkün deyil. Amma özəl sektorda, kommersiya qurumlarında adı fərqli olsa belə işçilərə ildə bir və ya bir neçə dəfə əlavə maaşın, yaxud mükafatın ödənməsi mümkündür. Bu, bir sıra qurumlarda var, çoxdan tətbiq olunur. Lakin bir çox hallarda bütün işçiləri deyil, yalnız ən yüksək nəticə göstərənləri əhatə edir”.
Qeyd edək ki, rəsmi statistikaya əsasən 2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan, yəni rəsmi əmək müqaviləsi əsasında çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub. Bunlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin eyni dövründə muzdlu işçi sayı 1 milyon 758,8 min nəfər olmuşdu. Bu isə rəsmi əmək haqqı alan işçi sayında 25,2 min nəfər artım olduğunu göstərir. İllik ifadədə dövlət sektorunda çalışanların sayı 7,9 min nəfər azalıb, özəl sektorda çalışanların sayı isə 33,1 min nəfər artıb.
Bu ilin əvvəli ilə müqayisə etdikdə, işçi sayında ciddi azalmanın olduğunu görmək olur. Belə ki, yanvarın 1-nə ölkədə muzdla çalışanların sayı 1 milyon 808 min nəfər olmuşdu. Bu isə iki ayda işçi sayının 16 min nəfər azalması deməkdir. Azalma bütünlüklə qeyri-dövlət sektorundadır. Belə ki, yanvarın 1-nə dövlət sektorunda 865,8 min nəfər, özəldə isə 942,2 min nəfər çalışırdı. Bu isə iki ayda dövlət sektorunda çalışan işçi sayının 4,8 min nəfər artdığı, qeyri-dövlət sektorunda çalışanların sayının isə 28,8 min nəfər azaldığını göstərir.
Bu ilin 1 martına ölkə üzrə muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.
Onu da qeyd edək ki, bu ilin yanvarından Azərbaycanda əmək müqaviləsi ilə işləyən qeyri-neft və qeyri-dövlət sektoru işçilərinin əmək haqqından gəlir vergisinin tutulması bərpa olunub. Qanunvericiliyə edilən dəyişikliyə əsasən aylıq məbləğindən asılı olaraq, 2.500 manatadək gəlirlər 2026-cı ildən 3 faiz, 2027-ci ildən 5 faiz, sonrakı illərdən isə 7 faiz, 2.500-8.000 manat aralığında gəlirlər 10 faiz və 8.000 manatdan yuxarı gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatlıq hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.
Gəlir vergisinin bərpası işçinin və işəgötürənin əmək haqqı xərclərini daha da artırmaqla, rəsmi əmək müqavilələri ilə işləyənlərin ixtisarına səbəb olan amillərdən biri kimi çıxış edir. Bu amil həm də işçilərə hər hansı mükafat, 13-cü maaş kimi ödənişlərin edilməsinin qarşısını alan faktora çevrilir.(sfera.az)
















