Son dəqiqə

Azərbaycanda mənzillər bahalaşacaq: 1 kvadratmetrin qiyməti 5 min manatdan aşağı olmayacaq

Cəmiyyət

Azərbaycanda 2060-cı ilədək binalarda qaz əsaslı isitmə sistemlərindən tamamilə imtina edilərək istilik nasoslarına keçid nəzərdə tutulur. Bu məqsədlə yeni tikililərdə və mövcud yaşayış binalarında istilik izolyasiyasının gücləndirilməsi, enerji səmərəli avadanlıqların quraşdırılması planlaşdırılır. Yeni texnologiyaların tətbiqinin tikinti xərclərinə və mənzil bazarına təsiri isə maraq doğurur.

Cagdas.az bildiriri ki Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, qaz əsaslı isitmə sistemlərindən istilik nasoslarına keçid tikinti sektoru və daşınmaz əmlak bazarında yeni mərhələnin başlanğıcı kimi qəbul edilməlidir.

Onun sözlərinə görə, bu, təkcə isitmə sistemlərinin yenilənməsi deyil, həm də tikiləcək binaların müasir tikinti standartlarına və şəhərsalma prinsiplərinə uyğun inşa olunması deməkdir:

“Hər bir yenilik təbii ki, daşınmaz əmlak bazarına təsir göstərir. Çünki bu yeniliklər tikintinin bir kvadratmetrinin maya dəyərinə təsir göstərdiyi üçün mənzillərin bazara çıxarılma qiymətinə də müvafiq olaraq yansıyacaq.

İlk növbədə, yeni tikililərdə bu addım enerji effektivliyinin təmin olunması üçün atılır. Enerji effektivliyinin təmin edilməsi isə əlavə investisiya tələb edən prosesdir. Belə ki, istilik izolyasiyasının gücləndirilməsi, müasir avadanlıqların quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yeni yanaşma və sistemə uyğun şəkildə yenilənməsi tikintinin maya dəyərini artıracaq. Bu da təbii ki, mənzillərin satış qiymətinə öz təsirini göstərəcək.

Eyni zamanda, bir məsələni də qeyd etmək istərdim ki, tikinti xərclərinin artması uzunmüddətli perspektivdə mənzillərin istismar xərclərinin azalması ilə kompensasiya oluna bilər. Enerji səmərəliliyi istilik xərclərini azaltdığı və ekoloji riskləri aradan qaldırdığı baxımından olduqca mütərəqqi hadisədir. Bu, həmin binalarda yaşayan sakinlərin kommunal xərclərinə də qənaət etmək imkanı yaradacaq.

XXI əsrin standartlarına və müasir şəhərsalma prinsiplərinə uyğun binalarda yaşamaq istəyən şəxslər təbii ki, daha yüksək qiymətlərə hazır olmalıdırlar. Çünki artıq həmin binalarda köhnə texnologiyalar və yanaşmalar olmayacaq. Binaların təhlükəsizliyi, karbon emissiyası, enerji effektivliyi və qənaət baxımından yeni yanaşmalar tətbiq ediləcək. Vətəndaşlar yeni binalarda yaşamaqla bundan fayda əldə edəcəklər.

Dünyada ekoloji tarazlığın qorunması təkcə inzibati qurumların işi deyil, hər bir vətəndaşın məsuliyyətidir. Bu prinsiplərin qorunduğu binalarda yaşamaq, əlbəttə ki, böyük ödənişlər və məbləğlər tələb edir.

2060-cı il hədəfinə yalnız qiymətlərin artacağı aspektindən yanaşmamalıyıq. Bunun digər tərəfinə də diqqət yetirməliyik. Bu proses dünyada ekoloji tarazlığın təmin olunması layihələrinə və müasir şəhərsalma prinsiplərinə uyğundur. Binaların sakinləri üçün əlavə rahatlıq yaradacaq, kommunal xərclərə qənaət etməyə imkan verəcək. Bu, alternativ enerji sərfiyyatından daha effektiv enerji istifadəsinə keçiddir. Eyni zamanda, alternativ enerji mənbələri də burada xüsusi rol oynayacaq.

Ümumiyyətlə, bu, yaşadığımız dünya, ölkə və hər bir vətəndaş üçün təhlilə layiq hadisədir.

Mənzil bazarında müqayisəli araşdırma aparsaq, görərik ki, daha bahalı binalar, əsasən, şəhərin mərkəzində və ya mərkəzə yaxın ərazilərdə yerləşir. Həmin binaların tikilməsi sahibkarlar üçün iqtisadi baxımdan ucqar ərazilərdə o qədər də sərfəli deyil. Düşünürəm ki, belə binalarda bir kvadratmetrin qiyməti 5 min manatdan aşağı olmayacaq”.