Bu gün – 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Düz 33 il əvvəl Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Referans MEDİA-nın məlumatına görə, Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Azərbaycan tarixində əlamətdar günlərin hər birinin mahiyyətinə vardıqda, 15 İyun tarixi xüsusilə təqdir edilir:
“Çünki məhz bu tarixdə Azərbaycan öz taleyini dəyişmək, yenidən yazmaq və yeni gələcək yaratmaq yolunu tutdu. 15 İyun tarixi bugünkü iradəmizi və müstəqil həyatımızı müəyyən etməklə yanaşı, keçmişin ağır sınaqlarından yaxa qurtarmaq iradəmizin də ifadəsi oldu.
Şübhəsiz ki, 15 İyun tarixi sonu görünməyən uğurların mühüm başlanğıcı idi. 15 İyun – Milli Qurtuluş Günü xalqımız üçün əsl qurtuluş günü oldu. Çünki müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf yolunda qətiyyətlə addımlamağımız məhz Milli Qurtuluş Günündə mümkün oldu.
Ümummilli Lider Heydər Əliyev xalqını ağır vəziyyətdən çıxarmaq əzmini və milli maraqlara sadiqliyini məhz həmin tarixi məqamda nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevə bu imkanı verən, onun hakimiyyətə qayıdışında israr edən də Azərbaycan xalqı idi.
Məhz belə bir məqamda hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanda hökm sürən hərc-mərcliyə, özbaşınalığa, vətəndaş qarşıdurmasına və Azərbaycan xalqı üzərində müxtəlif təhlükəli ssenariləri həyata keçirmək istəyən qüvvələrin planlarına son qoydu.
Azərbaycan gələcəyini görmək imkanlarından məhrum edilmişdi. Qarşıda xalqı tozlu, dumanlı və qeyri-müəyyən yollar gözləyirdi. Buna görə də xalq siyasi hadisələrə vaxtında və düzgün reaksiya verdi.
Vaxtilə hakimiyyətdə olan qüvvələrə etimadını itirən xalq, məhz o dövrdə öz xilaskarını – Heydər Əliyevi gördü. 1992-ci ilin iyunundan sonra hakimiyyətdə olan qüvvələrin əsas məqsədi dövlət maraqlarından çox şəxsi maraqları təmin etmək, hakimiyyətdə mümkün qədər uzun müddət qalmaq və ölkəni daha dərin böhrana sürükləyən siyasəti davam etdirmək idi.
Xalq isə bu reallığı aydın şəkildə görürdü. Cəmiyyət əmin idi ki, ölkəni bu ağır vəziyyətdən çıxaracaq yeganə siyasi lider Heydər Əliyevdir. Məhz buna görə də xalq öz seçimini etdi və Heydər Əliyevin hakimiyyətə qayıdışını dəstəklədi”.

Şəbnəm Həsənova
Ekspert deyib ki, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev taleyüklü addımlar atdı:
“Həmin addımlar bugünkü zəfərimizin ilk qığılcımları idi. Müstəqilliyi qazanmaq, şübhəsiz ki, böyük nailiyyət idi. Lakin onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək daha mühüm vəzifə idi. O dövrdə hakimiyyətdə olan qüvvələr nəinki bu müstəqilliyi inkişaf etdirmək, hətta onu qorumaq əzmində belə deyildilər.
Yalnız Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin xarakteri, idarəçilik bacarığı, siyasi uzaqgörənliyi, qətiyyəti və nüfuzu bu ağır missiyanın öhdəsindən gəlməyə qadir idi.
Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Sosial, iqtisadi, mədəni və elmi sahələrdə mühüm dönüş yaradıldı. Hər şeydən əvvəl isə xalq “Azərbaycançılıq” məfkurəsi ətrafında birləşdirildi, milli həmrəylik möhkəmləndirildi. Məhz bu birlik sonrakı uğurlarımızın və qələbələrimizin əsasını təşkil etdi.
Şübhəsiz ki, bu qələbələrin zirvəsi Şuşadan gələn zəfər sədaları oldu. Bu qələbələrin ən böyük təntənəsi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləridir. Bu qələbələrin mühüm nəticələrindən biri də Azərbaycanın regionun aparıcı siyasi, iqtisadi və hərbi güclərindən birinə çevrilməsidir.
Biz əldə etdiyimiz bütün nailiyyətlərə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursuna sadiq qaldığımız üçün nail olmuşuq. Cənab Prezident İlham Əliyev atdığı hər addımda, qəbul etdiyi hər qərarda Ümummilli Lider Heydər Əliyevin ideyalarına və siyasi irsinə sadiqlik nümayiş etdirir. Məhz bu sadiqlik Azərbaycanı öz haqq yolundan döndərməyib və yeni uğurlara aparıb.
15 İyun Azərbaycan xalqının taleyinin dəyişdiyi gündür. 15 İyun tarixi Ümummilli Lider Heydər Əliyevin nə qədər böyük dövlət xadimi və milli lider olduğunun bir daha sübut olunduğu gündür. 15 İyun tarixi bütün zəfərlərimizin başlanğıcı, sonsuz uğurlarımızın möhkəm təməli və etibarlı təminatıdır”.
















