Cagdas.az xəbər verir ki, “Yenisabah.az” vətəndaşlar üçün ən sərfəli daşınmaz əmlak növünün hansı olduğunu araşdırıb:
İstədiyiniz planlaşdırmanı və keyfiyyəti təmin etmək üçün torpaq alıb ev tikmək en ideal yoldur, lakin ciddi vaxt və nəzarət tələb edir.
Bakı ətrafı qəsəbələrdə (Mərdəkan, Şüvəlan, Hövsan və ya Masazır) 2-3 sot torpaq sahəsi yerindən asılı olaraq 15,000 – 40,000 AZN təşkil edir. 100 kv.m-lik bir mərtəbəli evin tikintisi və təmiri (“açar təslimi”) orta keyfiyyətli materiallarla kv.m üçün təxminən 400 – 600 AZN-ə başa gəlir (cəmi 40,000 – 60,000 AZN). Sənədləşmə və kommunal xətlərin çəkilişi üçün əlavə 3,000 – 5,000 AZN lazımdır. Yekun xərc 58,000 – 105,000 AZN arasındadır. Bu variantda materialların keyfiyyətinə özünüz nəzarət edir və ödənişləri mərhələli edə bilirsiniz, lakin tikinti 6 – 12 ay çəkir və usta riskləri mövcuddur.
Şəhər mərkəzinə və infrastruktura yaxın yaşamaq istəyənlər üçün mənzil almaq ən rahat seçimdir.
Mərkəzdən kənar yeni tikililərdə (Masazır, Xırdalan) təmirsiz 2 otaqlı mənzillər (təxminən 60 kv.m) 60,000 – 80,000 AZN, təmirli mənzillər isə 85,000 – 110,000 AZN-dir. Şəhər daxilində analoji təmirli mənzillər 130,000 – 180,000 AZN-dən başlayır. Təmirsiz mənzilin təmir xərci kv.m üçün 200 – 350 AZN (12,000 – 21,000 AZN) təşkil edir. Yekun xərc 72,000 – 180,000+ AZN intervalındadır. Mühafizə, lift, yüksək likvidlik və ipoteka imkanı əsas üstünlükləridir; həyət sahəsinin olmaması və aylıq komendant ödənişi isə mənfi tərəfləridir.
Vaxt itirmədən müstəqil evdə yaşamaq istəyənlər hazır həyət evinə üstünlük verirlər.
Abşeron rayonunda (Xırdalan, Masazır, Zabrat, Buzovna) 2 sotda tikilmiş hazır, təmirli 3 otaqlı (təxminən 90-100 kv.m) həyət evləri 65,000 – 110,000 AZN arasında dəyişir. Aldıqdan dərhal sonra köçmək mümkün olsa da, bünövrənin və gizli tikinti materiallarının keyfiyyətinə zəmanət olmur, sənədləşmədə (çıxarış/kupça) problemlər daha çox yaşanır.
Aşağı büdcə ilə maksimum keyfiyyət və genişlik istəyirsinizsə, torpaq alıb tikmək en sərfəli variantdır.
Şəhərə yaxınlıq, təhlükəsizlik və gələcəkdə rahat satıla bilən bir yatırım axtarırsınızsa, mənzil almaq doğru qərardır. Hazır həyət evi isə yalnız sənədləri tam qaydasında olan və tikinti keyfiyyətinə əmin olduğunuz halda seçilməlidir.\ölkə.az\
















