“Beynəlxalq əməkdaşlığa və praktik həllərə ehtiyac heç vaxt indiki qədər böyük olmayıb”.
Çağdaş.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, 2016-cı ildə qəbul edilən Yeni Şəhər Gündəliyi dünyaya dayanıqlı şəhər inkişafı üçün ortaq baxış təqdim etdi — inklüzivlik, dayanıqlılıq, rifah və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan bir baxış. On il sonra biz sadəcə əldə olunan irəliləyişi qiymətləndirmək üçün deyil, daha vacib bir suala cavab axtarmaq üçün toplaşmışıq: qarşıdakı onillikdə verilən vədləri necə həyata keçirəcəyik? Bugünkü müzakirələrin başlanğıc nöqtəsi mənzil məsələsidir”.
A.Quliyev deyib ki, Şuranın “Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar üçün mənzil” mövzusu mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə çıxarır:
“Mənzil yalnız sosial məsələ deyil, bu, iqtisadi, iqlim, inkişaf və ən əsası insan ləyaqəti məsələsidir. İnsanların imkanlara, təhsilə, səhiyyəyə və iqlim dayanıqlılığına çıxışını formalaşdırır. O, şəhər inkişafının planlı, yoxsa pərakəndə, dayanıqlı, yoxsa həssas olduğunu göstərir. Məhz buna görə də Yeni Şəhər Gündəliyinin mənzil komponenti bütün siyasət və qərarvermə proseslərinin mərkəzində qalmalıdır”.
Sədr əlavə edib ki, dünyanın müxtəlif yerlərində sürətlə artan urbanizasiya, mənzil əlçatanlığı böhranı, qeyri-rəsmi yaşayış məntəqələri, iqlim dəyişiklikləri səbəbindən məcburi köç və dayanıqlı infrastruktur tələbatının artması müşahidə olunur:
“Bunlar ayrı-ayrı problemlər deyil, inteqrasiya olunmuş həllər tələb edən bir-biri ilə əlaqəli reallıqlardır. Bu səbəbdən mənzilə yalnız tikinti məsələsi kimi deyil, torpaq istifadəsi, mobillik, infrastruktur, yaşıl zonalar, iqtisadi məhsuldarlıq və sosial bərabərliklə əlaqəli kompleks şəhər siyasəti kimi yanaşılmalıdır”.
















