Si Cinpin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşərək Pekin və Moskva arasında “daha sıx və güclü strateji koordinasiya”nın vacibliyini vurğulayıb.
Çağdaş.Az bildirir ki, Xinhuanın məlumatına görə, Çin lideri iki ölkəni “qanuni maraqlarını qətiyyətlə müdafiə etməyə və Qlobal Cənub ölkələrinin birliyini qorumağa” çağırıb.
Si Cinpin bildirib ki, dəyişikliklər və qeyri-müəyyənliklərlə dolu beynəlxalq şəraitdə Çin–Rusiya münasibətlərinin sabitliyi və etibarlılığı xüsusi əhəmiyyət kəsb edir və “çox qiymətlidir”.
Çin tərəfinin rəsmi açıqlamasında ABŞ–İsrailin İrana qarşı müharibəsinə birbaşa istinad edilməsə də, açıqlamalar Hörmüz boğazının bağlanmasının qlobal ərzaq və enerji böhranına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara işarə kimi qiymətləndirilir.
Məlumata görə, ABŞ və İsrailin fevralın 28-də başlatdığı müharibədən sonra İran bu boğazda gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırıb. ABŞ hərbçiləri isə İran limanlarının tam blokadaya alındığını açıqlayıb.
Qeyd edək ki, müharibədən əvvəl dünya neft və qaz ixracının təxminən 20 faizi bu boğazdan keçirdi və onun bağlanması qlobal enerji təchizatına ciddi təsir göstərir.
Lavrov görüşdən sonra bildirib ki, Moskva enerji tədarükündə yaranan problemlərin aradan qaldırılması üçün Çinə dəstək verə bilər.

Lavrov bundan əvvəl çinli həmkarı Vanq Yi ilə də görüşərək Yaxın Şərqdəki münaqişə, Ukrayna müharibəsi və digər geosiyasi məsələləri müzakirə edib.
Çin və Rusiya rəsmi hərbi müttəfiq olmasa da, sıx iqtisadi və siyasi əlaqələrə malikdir. 2022-ci ildə Si Cinpin Rusiya Prezidenti Vladimir Putin ilə “limitsiz tərəfdaşlıq” razılaşması imzalayıb.
Bu həftə Pekində keçirilən görüşlər çərçivəsində Si Cinpin həmçinin İspaniyanın Baş naziri Pedro Sançes, Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan və Vyetnam lideri To Lam ilə də görüşüb.
İspaniya ilə danışıqlarda Si dünya üzrə “xaos və qarşıdurma”nın artdığını bildirərək daha sıx əməkdaşlığa çağırıb. O, Yaxın Şərqdə sülh danışıqlarının təşviqində Çinin “konstruktiv rol” oynayacağını da vurğulayıb.
Qeyd edək ki, To Lam üçün bu səfər prezident seçildikdən sonra ilk xarici səfər olub. O, Pekinlə münasibətləri prioritet hesab etsə də, ABŞ və Çin arasında balans siyasəti aparmaq məcburiyyətindədir.


