Azərbaycanda dərsliklərin keyfiyyəti, hazırlanmasına və nəşrinə ayrılan milyonlarla manat dövlət vəsaitinin nə dərəcədə səmərəli xərclənməsi məsələsi yenidən gündəmə gəlib. Dərsliklərdə yol verilən qüsurlar, səthi mətnlər və cəmiyyətdə doğurduğu haqlı narazılıqlar bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi zərurətini ortaya qoyur.
Cagdas.az bildirir ki, millət vəkili Elnarə Akimova da məsələ ilə bağlı narazılığını ifadə edib. O, dərsliklərin hazırlanmasına ayrılan vəsaitlərin xərclənməsinə şəffaf nəzarətin təmin olunmasını, parlamentdə ictimai dinləmələrin keçirilməsini və ekspertiza komissiyasının yaradılmasını təklif edib: “Bu gün əgər ayrılan milyonlarla manat vəsait nəticəsində cəmiyyətdə haqlı etiraz doğuran, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, hardasa həm də ciddi nəzarət boşluğu var: “Bu vəsaitlər daha səmərəli, daha məqsədyönlü xərclənməlidir. Buna görə də təklif edirəm ki, parlamentdə Elm və Təhsil Nazirliyi və müvafiq qurumlarla birlikdə mütəmadi ictimai dinləmələr keçirib mövcud irad və təkliflər dinlənilsin, birlikdə həll yolları axtarılsın. Dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilsin. Ekspertiza komissiyası yaradılsın: Dərsliklərin qiymətləndirilməsi prosesinə ictimaiyyətin, tanınmış alimlərin, əsl mütəxəssislərin və ziyalıların real təsiri təmin edilsin ki, məzmun keyfiyyətinə nəzarət güclənsin. Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir”.\musavat.com\


