Təxminən 170 il əvvəl şərab taciri tərəfindən biznes tərəfdaşlarına göndərilən adi bir məktub bu gün dünyanın ən qiymətli məktubu hesab olunur. Maraqlıdır ki, onun rekord dəyəri məzmunundan deyil, üzərindəki iki son dərəcə nadir poçt markasından qaynaqlanır.
Cagdas.az xəbər verir ki, kolleksiyaçılar arasında “Bordo məktubu” kimi tanınan bu tarixi sənəd 1847-ci il oktyabrın 4-də həmin dövrdə Britaniya müstəmləkəsi olan Mavrikinin paytaxtı Port Luisdə yaşayan şərab taciri Edvard Fransis tərəfindən yazılıb. Məktub Fransanın Bordo şəhərində fəaliyyət göstərən biznes tərəfdaşlarına ünvanlanıb.
Məktubu dünyanın ən dəyərli kolleksiya əşyalarından birinə çevirən zərfin üzərindəki “Mavriki Mavi” və “Mavriki Çəhrayı” poçt markalarıdır. 1847-ci ildə çap edilən bu markalar filateliya tarixinin ən nadir nümunələri hesab olunur.

Onların məşhurlaşmasının əsas səbəbi isə çap zamanı buraxılmış tarixi səhvdir. Belə ki, markaların üzərində yer almalı olan “Post Paid” (“Poçtu ödənilib”) ifadəsi əvəzinə səhvən “Post Office” (“Poçt Ofisi”) sözləri həkk edilib.
Səhv müəyyənləşdirilənədək cəmi 500 marka çap olunaraq dövriyyəyə buraxılıb. Mütəxəssislərin
hesablamalarına görə, bu gün həmin markalardan yalnız 27 nüsxə mövcuddur. Məhz buna görə onların ümumi bazar dəyərinin 5 milyon ABŞ dollarından çox olduğu bildirilir.

Məktubun məzmunu isə olduqca sadədir. Edvard Fransis tərəfdaşlarına göndərdiyi yazıda 48 barel şərabın təhvil alındığını və yükün təxminən üçdə birinin artıq satıldığını qeyd edib.
Qeyd edək ki, “Bordo məktubu” sonuncu dəfə 1993-cü ildə keçirilən hərracda satılıb və bu gün də dünyanın ən qiymətli filateliya nümunələrindən biri hesab olunur.(sfera.az)
















