Bir çox kişi subay qalmağı üstün tutur və bunun daha arzuolunan bir həyat olduğunu düşünür. Lakin özləri üçün daha çox vaxt, daha az nəzarət, daha az münaqişə və maliyyə müstəqilliyi barədə nə qədər danışsalar da, elmi araşdırmalar göstərir ki, subay kişilər daha az xoşbəxtdirlər, daha qısa ömür sürürlər və daha az qazanırlar. Lakin bu, qadınlar üçün keçərli deyil. Subay qadınlar çox vaxt evli qadınlardan daha xoşbəxtdirlər.
Cagdas.az rusiyalı bir qrup alimin Beynəlxalq Subaylar Gününə (Rusiyada qeyri-rəsmi bayram, 7 avqust tarixində qeyd olunur, – red) həsr olunmuş araşdırmasını təqdim edir.
Evli kişilər niyə daha xoşbəxtdirlər?
Tək yaşamaq getdikcə normaya çevrilir. Bunun ən bariz göstəricilərindən biri heç vaxt evlənmədən orta yaşa çatan insanların sayının artmasıdır. Rusiya əhalisinin siyahıyaalınması ilə bağlı məlumatların təhlili göstərir ki, heç vaxt evlənməmiş insanların, xüsusən də kişilərin payı artır. Elmi araşdırmalar isə evli kişilərin özlərini daha sağlam və xoşbəxt hiss etdiyini göstərir.
Rusiya Texniki Universiteti MIREA-nın İdarəetmə Texnologiyaları İnstitutunun Psixologiya üzrə fəlsəfə doktoru, Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaginanın sözlərinə görə, kişilərin hətta uğursuz münasibətlərdən belə müəyyən faydalar əldə etməsinin bir neçə səbəbi var.

Birincisi, həyat yoldaşı kişilərin gündəlik rejiminə, qidalanmasına, həkimə müraciət etməsinə və profilaktik müayinələrdən keçməsinə daha çox diqqət yetirir. İkincisi, evli kişilər sağlamlıqları və davranışları ilə bağlı gündəlik nəzarət və dəstək alırlar. Üçüncüsü isə evli kişilərin sosial həyatları daha məhdud ola bilər.
Qadınlar üçün isə vəziyyət fərqlidir. Məsələn, Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada subay qadınların subay kişilərlə müqayisədə özlərini daha xoşbəxt hiss etdikləri, həmçinin həyat statuslarından və cinsi həyatlarından daha çox məmnun olduqları müəyyən edilib.
“Bir çox tədqiqat göstərir ki, evli qadınlar daha çox ev işi görür, istirahətə və özlərinə qulluq etməyə daha az vaxt ayırırlar. Bundan əlavə, peşəkar ambisiyaları ilə şəxsi həyatları arasındakı ziddiyyətlər səbəbindən onların stress yaşamaq ehtimalı daha yüksəkdir”.
Hətta subay analar belə evli analarla müqayisədə daha az məşğul ola bilirlər. Bu isə onu göstərir ki, ailədə rolların ənənəvi bölgüsü kişilərə daha çox üstünlük, qadınlara isə daha böyük yük yaradır.
Niyə evlilik kişilərin sağlamlığı üçün daha yaxşıdır?
Evliliyin kişilər üçün faydaları yalnız həyat məmnuniyyəti ilə məhdudlaşmır. Evli kişilərin sağlamlıq göstəriciləri də daha yaxşı ola bilər. Məsələn, Kolumbiya Universitetinin araşdırmaları göstərir ki, yaşlı kişilər və qadınlar arasında evlilik daha uzun aktiv ömürlə əlaqələndirilir. Lakin bu əlaqə orta hesabla kişilərdə qadınlara nisbətən daha güclüdür.

Məlumata görə, hətta uğursuz evlilikdə belə kişilər müəyyən üstünlüklər əldə edə bilirlər. Qadınlar üçün isə vəziyyət daha mürəkkəbdir: yüksək keyfiyyətli evlilik sağlamlığı dəstəkləyə bilər. Lakin münasibət münaqişələrlə müşayiət olunursa, yaranan stress və xroniki emosional gərginlik sağlamlığa mənfi təsir göstərə və hətta ömür uzunluğunu azalda bilər.
“Maraqlıdır ki, evli insanların hipertoniya və diabetdən əziyyət çəkmə ehtimalı daha yüksək olsa da, onların bu xəstəliklərdən ölüm riski daha aşağıdır. Sadə dillə desək, həyat yoldaşları bir-birlərinin sağlamlığına nəzarət edir”, – alimlərin araşdırmasında qeyd olunub.

Niyə evli insanlar subaylardan daha çox qazanırlar?
Rusiya Ali İqtisadiyyat Məktəbinin apardığı araşdırmaya görə, sağlamlıq və xoşbəxtliklə yanaşı, evli kişilər subay kişilərdən daha çox gəlir əldə edirlər. Tədqiqatçılar bu fərqi “evlilik mükafatı” adlandırırlar.
Qadınlar üçün isə vəziyyət əksinədir. Evlilik və analıq çox vaxt karyerada fasilələrə, ödənişsiz əməyin artmasına və karyera yüksəlişinin yavaşlamasına səbəb olur. Bu fenomen artıq “analıq cəzası” adlandırılır.
Psixoloqlar bunu belə izah edirlər: ənənəvi ailələrdə kişilər əsasən ödənişli işə və karyeraya diqqət yetirirlər, qadınlar isə ev və uşaq qayğısına daha çox məsuliyyət daşıyırlar.
Evli kişilərin gəlirinin subay kişilərə nisbətən daha yüksək olması ilə bağlı bir neçə izahat irəli sürülür. Birincisi, həyat yoldaşları kişiləri daha çox qazanmağa təşviq edir və ev işlərinin bir hissəsini öz üzərinə götürməklə onların karyeraya daha çox vaxt ayırmasına şərait yaradırlar.

İkincisi, evli kişilər ailələri qarşısında məsuliyyət hiss etdikləri üçün daha çox gəlir əldə etməyə çalışır, daha çox işləyir və hətta iş və ya karyera strategiyası seçərkən şəxsi maraqlarından və peşəkar inkişaflarından çox, daha yüksək gəlir gətirən variantlara üstünlük verə bilirlər.
Niyə kişilər tənhalıqdan daha çox qorxurlar?
Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, kişilər tək qalmaqdan daha çox çəkinir və uzunmüddətli münasibət qurmağa daha çox meyllidirlər.

Məlumata görə, bu, adətən gender sosiallaşması ilə əlaqələndirilir. Kişilər üçün partnyor yaxınlığın, qayğının və emosional dəstəyin əsas mənbələrindən birinə çevrilir. Bu səbəbdən partnyor olmadıqda tənhalıq hissi daha kəskin yaşana bilər. Qadınlar isə təkbaşına yaşamağa və sosial dəstək şəbəkələrindən istifadə etməyə daha çox meylli ola bilirlər.
Bəs evlilik kişilər üçün daha faydalıdırmı?
Nəticə etibarilə, mütəxəssislər bir məsələdə həmfikirdirlər: statistik olaraq rəsmi nikah orta hesabla kişilərə qadınlarla müqayisədə daha çox ölçülə bilən fayda gətirir. Lakin bu, nikahın kişilər üçün “obyektiv olaraq faydalı”, qadınlar üçün isə “zərərli” olduğu anlamına gəlmir. Söhbət real gender rollarında əməyin, qayğının, nəzarətin və risklərin tərəflər arasında qeyri-bərabər bölüşdürülməsindən gedir.

Bununla belə, mühüm bir məqam var: tədqiqatlar göstərir ki, xoşbəxt və sağlam münasibət hər iki tərəf üçün faydalıdır, bədbəxt və konfliktli münasibət isə hər iki tərəfin fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər.
Qeyd edək ki, Beynəlxalq Subaylar Günü hər il 11 noyabrda qeyd olunur. Bu gün subay insanların həyat tərzini, müstəqilliyini və fərdi seçimlərini ön plana çıxarmaq məqsədi daşıyır. Tarix “11.11” formasında dörd tək rəqəmdən ibarət olduğu üçün subaylığı simvolizə edir. Bu beynəlxalq bayram Çində – 1990-cı illərdən Nankin Universitetinin heyəti tərəfindən yaradılıb. (refrans media)
















