Vəkil deyir ki, 2000 manatdan 2500 manatadək cərimə və…
Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunsa da, ictimai yerlərdə icazəsiz dini təbliğatın aparılması, vətəndaşların dini cərəyanlara cəlb edilməsi və prozelitizm fəaliyyəti qanunvericiliyin tələblərinə zidd hesab olunur. Bu istiqamətdə illərdir nəzarət tədbirləri həyata keçirilir, müxtəlif dini qrupların qanunsuz fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən addımlar atılır.
Lakin Musavat.com əməkdaşının bir neçə gün əvvəl ictimai nəqliyyatda qarşılaşdığı hadisə göstərir ki, “Yehova şahidləri” kimi dini cərəyanların fərdi təbliğat üsullarından istifadə etməsi hələ də davam edir. Belə ki, əməkdaşımızın 12 nömrəli marşrut avtobusunda “Yehova şahidləri” təriqətinin təbliğatçısı ilə qarşılaşması və ona “pulsuz teokratik dərslər” adı altında gizli təkliflərin olunması bu qeyri-ənənəvi dini cərəyanın hələ də aktiv iş başında olduğunu növbəti dəfə sübut edir. Paytaxtın ictimai nəqliyyatında, xüsusən də “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin emosional boşluqlarından istifadə edərək aparılan bu gizli təbliğat həm qanunvericilik, həm də milli təhlükəsizlik baxımından ciddi suallar doğurur.
(Daha ətraflı Musavat.com-da yayımlanan “Yehova şahid”ləri yenə iş BAŞINDA: Əməkdaşımıza GİZLİ təklif: “Pulsuz olacaq…” başlıqlı yazıdan oxuya bilərsiniz).
Bəs Azərbaycanda ictimai nəqliyyatda və digər ictimai yerlərdə bu formada dini təbliğat qanunvericiliyə uyğundurmu?
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı “Yeni Müsavat”a danışan vəkil Bəxtiyar Hacıyev bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən dini təbliğat yalnız qanunla müəyyən edilmiş qaydada, dövlət qeydiyyatından keçmiş dini qurumların ibadət yerlərində və ya dini mərkəzlərində həyata keçirilə bilər. Onun sözlərinə görə, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda, ictimai nəqliyyatda, eləcə də qapı-qapı gəzərək insanların dini söhbətlərə cəlb edilməsi və dini baxışların təbliği qanunvericiliyə zidd hesab olunur.
Vəkil qeyd edib ki, vətəndaşların hər hansı dini cərəyana və ya dini quruma cəlb edilməsi yalnız dövlət qeydiyyatından keçmiş dini qurumlar tərəfindən və qanunvericiliyin tələblərinə uyğun şəkildə mümkündür. Bundan əlavə, prozelitizm, yəni başqa dinin mənsublarını öz dininə keçməyə təşviq etmək məqsədi daşıyan fəaliyyətlər də ictimai yerlərdə məhdudlaşdırılıb və bu kimi hallara görə inzibati məsuliyyət yarana bilər.
Bəxtiyar Hacıyevin sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun 24-cü maddəsi ilə tənzimlənir və həmin maddəyə əsasən bu növ fəaliyyətlərin həyata keçirilməsi qadağandır. Eyni zamanda bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulub.
“Bu maddənin tələblərini pozaraq dini ayinlər bəhanəsi ilə xeyriyyə tədbirləri təşkil edən və ya keçirən şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati xəta tərkibi yarandığı halda fiziki şəxslər 500 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək cərimə oluna bilərlər. Hüquqi şəxslər üçün isə daha yüksək məbləğdə inzibati cərimələr nəzərdə tutulub. Faktiki olaraq, qanunvericilik bu cür fəaliyyətləri açıq şəkildə qadağan edir və dini təbliğatın yalnız qanunla müəyyən edilmiş çərçivədə aparılmasına icazə verir”, – deyə vəkil vurğulayıb.
1931-ci ilə qədər “Müqəddəs Kitab Tədqiqatçıları” adı ilə fəaliyyət göstərən bu dini cərəyan hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla davamçıya malikdir. Azərbaycanda da onların tərəfdarları mövcuddur.
Ölkə qanunvericiliyinə əsasən dini təbliğat və dini ayinlərin keçirilməsi müəyyən qaydalarla tənzimlənir. Hüquq-mühafizə orqanları da zaman-zaman qanunvericiliyin tələblərinə zidd dini fəaliyyətlərlə bağlı tədbirlər həyata keçirib. Azərbaycan üçün bu sektorun genişlənməsinin ən arzuolunmaz tərəfi budur ki, Yehova Şahidlərinin dini inancına görə hərbi xidmət ləğv edilməli, insanlara alternativ hərbi xidmət imkanı verilməlidir.
















