Hazırda Azərbaycanın iki böyük qonşusu münaqişə vəziyyətindədir. Eyni anda şimal qonşumuz Rusiyanın dərinlikləri, həmçinin, cənub qonşumuz İranın hərbi obyektləri bombalanır. İlk dəfədir ki, hər iki sərhədimizdə müharibələr gedir. Bu da Azərbaycanın quru sərhədlərini qapalı saxlamağa gətirib çıxarıb. Azərbaycan təhlükəsizliyi əsas gətirərək quru sərhədləri açmır. Artıq 6 ildir ki, bu vəziyyət davam edir.
Bəzi ekspertlərə görə, bu böhran azı daha 4 il davam edə bilər. O deməkdir ki, 2030-cu ilə qədər quru sərhədlərimizin açılması sual altındadır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin yanvarında “The National” nəşrinə müsahibəsində hər iki müharibəyə toxunmuşdu. Prezidentin köməkçisi bildirmişdi ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında “iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir.
Bu baxımdan hər iki qonşuda davam edən müharibə və eskalasiya şəraiti sərhədlərin 2030-cu ilədək qapalı qalmasına gətirib çıxara bilərmi?
Cagdas.az xəbər verir ki ,deputat Naqif Həmzəyev Musavat.com-a bildirib ki, hazırkı vəziyyət doğrudan da az təsadüf edilən bir konfiqurasiyadır: “Azərbaycanın quru sərhədlərinin bağlı olmasının ən əsas səbəbləri xarici təhlükələr və milli təhlükəsizlik məsələləridir. Həqiqətən də Azərbaycan iki böyük müharibə edən qonşu dövlətlərin ərazisində baş verən müharibələr fonunda öz milli təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını uğurla təmin edib. Ancaq bu o demək deyil ki, biz quru sərhədlərin daim bağlı saxlanılmasında maraqlıyıq. Sadəcə, vəziyyətdən ən doğru və yeganə çıxış yolu budur. Əgər Ermənistanla sülh imzalanıb TRIPP işə düşsə, bölgə əlaqələndirici mərkəzə çevrilə, ümumi sərhəd siyasətinin yumşalmasına psixoloji-siyasi zəmin yarada bilər. Amma bu, dolayı və qeyri-müəyyən təsirdir, birbaşa səbəb-nəticə əlaqəsi deyil”.
Onun sözlərinə görə, Ermənistanla sülh ən çox elə bu istiqamətdəki sərhədi (və Zəngəzur marşrutunu) aça bilər: “ Amma Rusiya və İranla sərhədlərin 2020-dən bəri bağlı qalması ayrı bir məsələdir və bunun açılması daha çox o iki müharibənin taleyindən asılı olaraq qalacaq. Bakı-Tiflis-Bakı gündəlik sərnişin qatarı 26 may 2026-cı ildən, yəni 6 illik fasilədən sonra bərpa olunub. Bu, Bakı-Tiflis-Qars xəttinin modernləşməsinin tamamlanması ilə üst-üstə düşüb. Bu addım dərhal “Bəs Rusiya” sualını gündəmə gətirib. Amma fərq ondadır ki, Gürcüstanla əksinə, Rusiya hazırda müharibə şəraitindədir. Ukrayna Rusiyanın dərinliklərinə davamlı PUA zərbələri endirir, bu da sərnişin qatarının uzun müddət Rusiya ərazisindən keçməsini (təyyarədən fərqli olaraq, marşrutu operativ dəyişmək mümkün olmayan bir nəqliyyat vasitəsi kimi) təhlükəsizlik baxımından daha riskli edir.
Bununla belə, konkret irəliləyiş var. Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları arasında “Şimal-Cənub” dəhlizi çərçivəsində son həftələrdə keçirilən görüşlərdə yükdaşıma və Astara terminalının genişləndirilməsi müzakirə olunub. Bu, birbaşa sərnişin daşımasına dair qərar deyil. Azərbaycan-Rusiya gömrük xidmətləri rəhbərləri də son görüşlərində sərhəd-keçid infrastrukturunun sinxronlaşdırılmasını müzakirə edib, amma rəsmi açıqlamada sərnişin keçidinin bərpasına dair konkret tarix yoxdur. Ən çox güman edilən yol, əvvəlcə hava nəqliyyatı, sonra qatar modelidir. Bakı-Moskva aviareysləri onsuz da fəaliyyətdədir. Ona görə mütəxəssislər “əgər təyyarə varsa, qatar da mümkündür” məntiqini önə çəkir. Amma müharibənin intensivliyi (xüsusən Rusiya dərinliklərinə zərbələr davam etdiyi müddətdə) sərnişin qatarı üçün əlavə əngəldir. Bu, Gürcüstan kimi sadə “COVID-dən sonra normallaşma” məsələsi deyil”.
Deputat quru sərhədlərin mərhələli şəkildə açılacağını görür: “Əvvəlcə Gürcüstanı nümunə göstərək. Təhlükəsiz qonşudur, artıq bu baş verib. Beləliklə, Gürcüstan presedenti göstərir ki, Bakı sərhədləri hamısı birdən deyil, ölkə-ölkə, təhlükəsizlik qiymətləndirməsinə görə açmaq niyyətindədir. Bu da Rusiya istiqamətinin nəzəri cəhətdən mümkün, amma müharibənin gedişatından asılı olaraq təxirə salınan növbəti addım olduğunu göstərir”.(Referans Media)
















