Son dəqiqə

İstanbul derbisində söz savaşı: “Fənərbaxça”dan “Qalatasaray”a reaksiya

Dünya

“Fənərbaxça” klubu “Qalatasaray”ın bir gün əvvəl sabiq klub prezidenti Ali Koçla bağlı səsləndirdiyi fikirlərə cavab verib. Klubun yaydığı açıqlamada bildirilib ki, Ali Koç üzərindən süni polemikalar yaradılması qəti şəkildə rədd edilir və onun meydandan kənar müzakirələrin mərkəzinə çəkilməsi doğru hesab olunmur.

Cagdas.az bildirir ki, “Fənərbaxça”nın rəsmi açıqlamasında deyilir:

“‘Qalatasaray’ klubunun əvvəlki prezidentimiz cənab Ali Koç barəsində verdiyi açıqlamanı qəbuledilməz hesab edirik. Öz camiələrini toparlamaq məqsədilə cənab Ali Koç üzərindən süni mübahisələr yaradılmasını qətiyyətlə rədd edir, sabiq prezidentimizin meydandan kənar müzakirələrin obyektinə çevrilməsini düzgün saymırıq.

Son dövrlər Türkiyə idman ictimaiyyətində meydandan kənar açıqlamalarla davamlı şəkildə ictimai rəy formalaşdırılmağa çalışıldığı açıq-aydın görünür. Klubumuz bu yanaşmaya qarşıdır və dünən olduğu kimi bu gün də diqqətini yalnız meydandakı mübarizəyə, idman rəqabətinə və əməyə əsaslanan yarışa yönəldir.

Türk idmanının ehtiyacı olan şey gərginliyi artıran, camiələri üz-üzə qoyan və ictimaiyyət qarşısında polemika yaradan açıqlamalar deyil, sağlam düşüncə, məsuliyyət və təmkindir.

Klubumuz idmanın meydanda qalması, rəqabətin centilmenlik prinsipləri əsasında aparılması və Türk idmanının sülh və sabitlik mühitində inkişafı naminə üzərinə düşən məsuliyyəti bundan sonra da qətiyyətlə yerinə yetirməyə davam edəcək.”