Kaspersky şirkətinin apardığı yeni araşdırma göstərib ki, Z nəsli süni intellektdən digər yaş qrupları ilə müqayisədə daha fəal istifadə edir. Bununla yanaşı, mütəxəssislər təhlükəsizlik risklərinin də artdığı barədə xəbərdarlıq edirlər.
Çağdaş.Az xəbər verir ki, araşdırma Braziliya, Çin, Fransa, Almaniya, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, İspaniya, Cənubi Afrika və digər ölkələr də daxil olmaqla 18 ölkədən ümumilikdə 7 200 nəfərin iştirakı ilə həyata keçirilib.
Nəticələrə görə, Z nəslinə mənsub respondentlərin:
56 faizi süni intellektdən məlumat axtarmaq üçün,
49 faizi dərs hazırlığında,
47 faizi yeni ideyalar yaratmaq məqsədilə,
39 faizi isə iş fəaliyyəti üçün istifadə edir.
Araşdırma həmçinin göstərib ki, respondentlərin 27 faizi süni intellekti dost kimi qəbul edir.
Sorğuda iştirak edənlərin yalnız 42 faizi süni intellektdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə müntəzəm riayət etdiyini bildirib. Bu tədbirlərə əldə olunan məlumatların etibarlı mənbələrlə yoxlanılması və məxfi məlumatların paylaşılmaması daxildir.
Bununla yanaşı:
52 faiz təhlükəsizlik qaydalarına yalnız bəzən əməl etdiyini,
6 faiz isə heç bir qoruyucu tədbir görmədiyini bildirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellektin təqdim etdiyi yanlış məlumatlar akademik fəaliyyətə və gündəlik qərarlara mənfi təsir göstərə bilər. Eyni zamanda, çat-botlarla yazışmalar zamanı paylaşılan şəxsi sənədlər, parollar, maliyyə məlumatları, sağlamlıq məlumatları və şəxsi yazışmalar kibertəhlükəsizlik baxımından ciddi risk yarada bilər.
















