Müasir dövrdə kompüter, telefon və digər elektron cihazlardan uzunmüddətli istifadə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Cagdas.az xəbər verir ki, xüsusilə monitor qarşısında saatlarla işləmək göz sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, zəif işıqlandırma, ekran qarşısında düzgün oturmamaq və monitorla göz arasındakı məsafənin qorunmaması zamanla müxtəlif görmə problemlərinə səbəb olur.
Həkimlərin sözlərinə görə, monitor gözlərdən təxminən 45-70 santimetr uzaqda yerləşdirilməli, ekran isə göz səviyyəsindən bir qədər aşağı olmalıdır. Ekspertlər qeyd edirlər ki, iş otağında işıqlandırmanın düzgün qurulması da vacib amillərdəndir. Güclü və ya birbaşa gözə düşən işıq göz yorğunluğunu artırdığı üçün işığın yan tərəfdən gəlməsi tövsiyə olunur.
Eyni zamanda, ekranda parıltının olmaması və parlaqlıq səviyyəsinin düzgün tənzimlənməsi gözlərin daha az yorulmasına kömək edir. Uzun müddət fasiləsiz monitor qarşısında qalmaq isə göz quruluğu, fokuslanma çətinliyi, bulanıq görmə və baş ağrısı kimi problemlər yarada bilər. Mütəxəssislər göz yorğunluğunu azaltmaq üçün müəyyən fasilələrin verilməsini tövsiyə edirlər.
Yaxın və uzaq məsafəyə növbəli şəkildə baxmaq, sadə göz məşqləri etmək və hər 20 dəqiqədən bir qısa fasilə verərək uzaq nöqtəyə baxmaq göz əzələlərinin rahatlamasına kömək edir. Həkimlər onu da vurğulayırlar ki, gözlərdə quruluq və ya yanma hissi yarandıqda dərman və damcılardan özbaşına istifadə etmək düzgün deyil. Çünki bu əlamətlər daha ciddi problemlərin göstəricisi ola bilər və belə hallarda mütləq oftalmoloqa müraciət etmək lazımdır.(sfera.az)
















