2027-ci il üçün Azərbaycanda illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır. Bəs bu göstərici vətəndaşların gündəlik xərclərinə və alıcılıq qabiliyyətinə necə təsir edəcək? Maaş və pensiyaların artımı qiymət artımını kompensasiya etməyə kifayət edəcəkmi?
Çağdaş.Az Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 5,3 faizlik inflyasiya proqnozu ilk baxışda yüksək görünməsə də, əhalinin alıcılıq qabiliyyətinə təsiri orta statistik gəlirdən daha çox hansı məhsul və xidmətlərin bahalaşacağından asılı olacaq.
Onun sözlərinə görə, xüsusilə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclərin qiyməti ümumi inflyasiyadan daha sürətli artarsa, əhali bunu 5,3 faizdən daha yüksək bahalaşma kimi hiss edəcək.
“Real gəlirlərin qorunması üçün nominal maaş artımı ən azı inflyasiyanı üstələməlidir. Məsələn, maaş 5,3 faiz artırsa, orta hesabla yalnız qiymət artımını kompensasiya etmiş olur və real gəlir demək olar ki, dəyişmir. Maaş 7 faiz artırsa, real artım təxminən 1,6 faiz, 10 faiz artırsa, təxminən 4,5 faiz səviyyəsində ola bilər. Lakin bu da yalnız orta inflyasiya göstəricisinə əsaslanan hesablamadır. Konkret ailənin istehlak səbətində ərzağın payı yüksəkdirsə, real alıcılıq qabiliyyəti daha zəif qala bilər”, – deyə iqtisadçı qeyd edib.
Akif Nəsirli vurğulayıb ki, 2027-ci ildə əsas məsələ maaşların sadəcə artırılması deyil, artımın inflyasiyanı nə qədər üstələməsidir.
“Əgər əməkhaqqı və pensiyaların indeksasiyası 5,3 faiz ətrafında qalarsa, əhalinin nominal gəlirləri artsa da, real rifahında ciddi dəyişiklik olmayacaq. Əgər gəlir artımı inflyasiyadan bir neçə faiz bəndi yüksək olarsa, alıcılıq qabiliyyətinin müəyyən qədər yaxşılaşması mümkündür”, – deyə o bildirib.
İqtisadçı əlavə edib ki, inflyasiya proqnozu ilə yanaşı, onun risklərinə də baxmaq lazımdır. Ərzaq və idxal qiymətlərinin sürətlə artması, enerji və logistika xərclərinin yüksəlməsi və ya məzənnə təzyiqi faktiki inflyasiyanı proqnozlaşdırılan 5,3 faizdən yuxarı qaldıra bilər.
“Bu halda maaş artımı əvvəlcədən 5,3 faizə uyğunlaşdırılsa belə, əhalinin real gəlirlərini tam qoruya bilməz”, – deyə Akif Nəsirli bildirib.
Gülnaz Abdullazadə
















