Dünyaca məşhur iqtisadiyyat və siyasət jurnalı “The Economist”in “The World Ahead 2026” adlı buraxılışının üz qabığı Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı son hadisələr fonunda sosial mediada yenidən geniş müzakirələrə səbəb olub. İstifadəçilər üz qabığındakı simvollarla real siyasi proseslər arasında əlaqə quraraq “bu, öncəgörmədir, yoxsa sadəcə təsadüf?” sualını gündəmə gətiriblər.
Cagdas.az xəbər verir ki, jurnalın 2026-cı ilə dair proqnozları əks etdirən üz qabığı dərc olunduğu gündən müxtəlif yozumlara yol açsa da, son günlər Venesuela ətrafında yaşanan proseslər müzakirələri daha da qızışdırıb.

ÜZ QABIQDƏKİ SİMVOLLAR YENİDƏN DİQQƏT MƏRKƏZİNDƏ
Üz qabıqda qlobal münaqişələr, iqtisadi böhran, bioloji təhlükələr, lider fiqurları, pul nişanları və xaosu xatırladan səhnələr yer alır. Maduro ilə bağlı son xəbərlərdən sonra bu görüntülərin bir qismi sosial şəbəkələrdə yenidən paylaşılmağa başlanıb.
MADURO İLƏ BAĞLI HADİSƏLƏR ZAMANLAMASI İLƏ DİQQƏT ÇƏKİR
ABŞ mərkəzli əməliyyatlar, Maduroya dair yayılan görüntülər və beynəlxalq rezonans doğuran proseslər üz qabıqla əlaqələndirilib. Xüsusilə qandallı yumruq təsviri “öncədən planlaşdırılmış qlobal ssenarilərə işarə” kimi şərh edilib. Bəzi paylaşımlarda isə “yanvar ayı ilə üz qabıqdakı ilk şifrənin açıldığı” iddia olunub.
“THE ECONOMIST KEHANƏTİ” MÜBAHİSƏSİ YENİDƏN ALƏVLƏNİB
Jurnalın əvvəlki illərdəki üz qabıqlarının sonradan baş verən qlobal hadisələrlə oxşarlıq göstərməsi uzun müddətdir “The Economist kehanətləri” mövzusunu gündəmdə saxlayır. Mütəxəssislər isə bu yanaşmanın daha çox geriyə dönük şərh olduğunu bildirir və qeyd edirlər ki, üz qabıqlar əsasən qlobal risklər və mümkün ssenarilər əsasında hazırlanır.

TƏSADÜF, YOXSA STRATEJİK ÖNCƏGÖRMƏ?
Müzakirələr iki cəbhəyə bölünüb: bir qrup baş verənlərin üz qabıqda simvolik şəkildə əvvəlcədən əks etdirildiyini düşünür, digər qrup isə bunu qlobal siyasətdə tez-tez rast gəlinən böhran mövzularının təbii nəticəsi kimi qiymətləndirir.
The Economist isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
















