Son dövrlər yerli sahibkarlar iri supermarket şəbəkələrinə məhsullarını çıxarmaq üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunmasından narahatlıqlarını ifadə edirlər. Bəzi hallarda bu ödənişlər hər filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə çatır.
Cagdas.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı danışıb.
Razi Nurullayev qeyd edib ki, əsas problem təkcə bu ödənişlərin mövcudluğu deyil, istehsalçıların hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur edilməsidir. O vurğulayıb ki, məhdud dövriyyə vəsaiti ilə çalışan kiçik və orta sahibkar məhsulunu satışa çıxarmamış ciddi maliyyə yükü ilə üzləşir və bu, faktiki olaraq bazara çıxışın məhdudlaşdırılması deməkdir.
Deputatın fikrincə, iri xarici istehsalçılar və idxalçılar isə böyük maliyyə imkanları, inkişaf etmiş logistika sistemi və geniş marketinq büdcəsi hesabına bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan başqa, onların aşağı maya dəyəri məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir.
“Beləliklə, yerli istehsalçı ikiqat təzyiq altında qalır. Bir tərəfdən rəfə çıxmaq üçün yüksək ödəniş ödəyir, digər tərəfdən isə daha ucuz idxal məhsulları ilə qiymət rəqabəti aparmalı olur”, – deyə Razi Nurullayev bildirib.
Deputat əlavə edib ki, bunun nəticəsində keyfiyyətli yerli məhsullar belə istehlakçıya çatmaq imkanını itirə, ticarət rəflərində idxal məhsullarının payı arta bilər. Onun sözlərinə görə, iri ticarət şəbəkələri istehlak bazarına çıxışın faktiki nəzarətçilərinə çevrilirlər və sahibkar məhsulunu satmaq üçün deyil, sadəcə rəfdə yer almaq hüququna görə ödəniş edir. R.Nurullayev hesab edir ki, bu yanaşma bazar iqtisadiyyatının mahiyyətinə uyğun deyil və rəqabət mühitini təhrif edir.
Deputat xəbərdarlıq edib ki, bu praktikanın uzun müddət davam etməsi yerli məhsulların bazardakı payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, milli brendlərin rəqabət qabiliyyətinin aşağı düşməsinə, istehsala investisiyaların və yeni iş yerlərinin azalmasına, vergi daxilolmalarına, eləcə də ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Razi Nurullayev bildirib ki, məsələ yalnız kommersiya münasibətləri çərçivəsində deyil, dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından da qiymətləndirilməlidir.
“Məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydaların müəyyən edilməsini, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanlarının nəzərdən keçirilməsini, onların pərakəndə ticarətə çıxışını asanlaşdıracaq dəstək mexanizmlərinin hazırlanmasını vacibdir. Bu ödənişlər antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməli, idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsiri də təhlil olunmalıdır”.
O təklif edib ki, iri ticarət şəbəkələrindən təchizatçıların şəbəkəyə qəbul şərtləri barədə ətraflı məlumat tələb olunsun, listinq, marketinq və digər ödənişlərin həcmi araşdırılsın, onların yerli istehsalçılara təsiri ayrıca qiymətləndirilsin.
“Yerli istehsalçı üçün xüsusi imtiyazlar yox, ədalətli rəqabət mühiti yaradılmalıdır. Azərbaycan istehsalçısı rəfə çıxmaq üçün ödədiyi yüksək ilkin ödənişlərlə deyil, məhsulunun keyfiyyəti, qiyməti və etibarlı təchizatı ilə rəqabət aparmalıdır”, – deyə deputat vurğulayıb.
Çıxışının sonunda Razi Nurullayev Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək məsələnin geniş müzakirəyə çıxarılmasını təklif edib. O, payız sessiyasında yerli istehsalçıların, iri və pərakəndə ticarət şəbəkələrinin, eləcə də aidiyyəti dövlət qurumlarının iştirakı ilə ictimai dinləmənin keçirilməsini və bu məsələnin müvafiq komitənin iş planına daxil edilməsini istəyib.
Deputat hesab edir ki, belə müzakirələr qanunvericiliyin təkmilləşdirilməsinə və mövcud problemlərin birgə həllinə mühüm töhfə verə bilər.(modern.az)
















