Azərbaycanda ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışan muzdlu işçilərin sayı son illərdə artım nümayiş etdirsə də, bu sektorda orta aylıq əməkhaqqı hələ də ölkə üzrə orta göstəricidən xeyli aşağıdır.
Çağdaş.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına görə, 2025-ci ilin nəticələrinə əsasən, ölkədə muzdla işləyənlərin ümumi sayı 1 milyon 808 min nəfərə çatıb. Onlardan 336 min nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Bu göstərici 2024-cü illə müqayisədə 6,7 min nəfər və ya 2 faiz artıb. Ötən il bu sahədə çalışanların sayı isə 329,3 min nəfər olub.
Statistikaya əsasən, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanların ümumi məşğulluqda xüsusi çəkisi son illərdə sabit qalaraq 18,5-18,6 faiz intervalında dəyişib. 2025-ci ildə bu göstərici 18,6 faiz təşkil edib.
Eyni zamanda, bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqında da artım qeydə alınıb. Belə ki, 2025-ci ildə orta aylıq əməkhaqqı 747,6 manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 691,7 manat, 2023-cü ildə 632,1 manat, 2022-ci ildə isə 573,3 manat olub.
Bununla belə, ticarət sektorunda əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqından geri qalmaqda davam edir. Belə ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olduğu halda, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində bu rəqəm cəmi 747,6 manat təşkil edib. Bu isə ölkə üzrə orta əməkhaqqının 67,8 faizinə bərabərdir.
Statistika göstərir ki, son illərdə ticarət sektorunda həm məşğulluq, həm də əməkhaqqı artsa da, əməkhaqlarının ölkə üzrə orta göstəriciyə nisbəti 2021-ci illə müqayisədə aşağı səviyyədə qalır. 2021-ci ildə bu nisbət 73,3 faiz olduğu halda, 2025-ci ildə 67,8 faizə enib.
















