Ermənistan prezidentinin TRIPP (Transregional Integration and Partnership Pathway – Transregional İnkişaf və Tərəfdaşlıq Yolu) sazişini təsdiqləməsi regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Sənədin təsdiqi Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmaların hüquqi qüvvəyə minməsi istiqamətində növbəti mərhələ hesab olunur. Bəs bu addım Zəngəzur dəhlizinin açılması prosesinə necə təsir göstərəcək və Ermənistanın prosesi uzatmaq imkanlarını məhdudlaşdıracaqmı?
Cagdas.az bildiriri ki Siyasi şərhçi Aydın Quliyev Referans Media-ya açıqlamasında bildirib ki, Ermənistan prezidentinin sazişi təsdiqləməsi normal hüquqi prosedurun tərkib hissəsidir. Onun sözlərinə görə, bu sənədin təsdiqi ilə TRIPP layihəsinin fəaliyyətə başlaması üçün zəruri hüquqi mexanizmlərin formalaşdırılması prosesi davam etdirilir.
“Ermənistan prezidentinin TRIPP sazişini təsdiqləməsi həmin sənədin imzalanmasından sonra qüvvəyə minməsi üçün normal hüquqi prosedurdur. Bu, ABŞ ilə Ermənistan arasında 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sənədlərdən sonra əldə olunmuş razılaşmaların davamıdır. Bu il ABŞ-nin vitse-prezidenti və dövlət katibi İrəvanda olarkən TRIPP marşrutu ilə bağlı iki ölkə arasında müəyyən sazişlər və sənədlər imzalanıb. İndi həmin sənədlərin parlamentdə təsdiqindən sonra prezident tərəfindən təsdiqi proseduru həyata keçirilir”.
Ekspertin sözlərinə görə, TRIPP marşrutu çərçivəsində yaradılması nəzərdə tutulan fond və birgə müəssisənin fəaliyyətə başlaması üçün hüquqi prosedurlar artıq əsasən tamamlanıb. O qeyd edib ki, Ermənistan-TRIPP Development adlı birgə müəssisə yaradılıb, layihənin maliyyə fondu təxminən 200 milyon dollar həcmində müəyyənləşdirilib və icraçı direktor da təyin olunub.
“TRIPP marşrutu üzrə yaradılmış fondun və birgə müəssisənin fəaliyyətə başlaması üçün lazım olan hüquqi prosedurlar tam şəkildə həyata keçirilib. Ermənistan-TRIPP Development adlı birgə müəssisə yaradılıb, maliyyə fondu 200 milyon dollara yaxın məbləğdə müəyyən edilib. Hətta onun icraçı direktoru da təyin olunub”.
Aydın Quliyev hesab edir ki, Ermənistan prezidentinin sazişi təsdiqləməsi Zəngəzur dəhlizinin açılması prosesində də mühüm mərhələdir. Onun fikrincə, bu addımdan sonra rəsmi İrəvanın kommunikasiya xəttinin açılmasını uzatmaq imkanları əvvəlki qədər geniş olmayacaq.
“Ermənistan prezidentinin həmin qanunu təsdiqləməsi o deməkdir ki, bundan sonra Ermənistanın Zəngəzur dəhlizinin açılması prosesini uzatmaq imkanları o qədər də geniş olmayacaq. Sazişin imzalanması Ermənistanın dəhlizin açılması üçün praktiki fəaliyyətlərə başlamalı olduğunu göstərir”.
Ekspert regional proseslərə digər ölkələrin, xüsusilə İran və Rusiyanın mümkün təsirlərinə də toxunub. O bildirib ki, layihənin ABŞ və Ermənistan arasında hüquqi razılaşmalar əsasında irəliləməsi kənar maneələrin təsir imkanlarını azalda bilər.
“Bu proses İran və Rusiya kimi digər ölkələrin Zəngəzur dəhlizinin açılmasına törədə biləcəkləri maneələrin də miqyasını kiçildir. Əgər bu iş birbaşa Ermənistandan və ABŞ-dən asılıdırsa, imzalanmış və təsdiqlənmiş sənədlər dəhlizin açılması istiqamətində digər maneələrin aradan qaldırılması üçün hüquqi əsas yaradır. Burada əsas məsələ Ermənistanın siyasi iradəsinin yetərli olması və imzalanmış sənədlərə uyğun praktiki addımlar atmasıdır”.
Beləliklə, ekspertin qiymətləndirməsinə görə, TRIPP sazişinin təsdiqi Zəngəzur dəhlizinin açılması istiqamətində hüquqi və institusional mərhələlərin irəliləməsinə şərait yaradır. Bununla belə, layihənin real icrası və kommunikasiya xəttinin fəaliyyətə başlaması Ermənistanın siyasi iradəsindən və tərəflərin razılaşmaları praktik müstəviyə keçirməsindən asılı olacaq.


