Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır.
Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqqı nə qədər olacaq? Azərbaycanda minimum əməkhaqqının da qarşıdakı illərdə artırılması gözlənilirmi?
Çağdaş.Az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, hazırda minimum əməkhaqqı 400 manatdır:
“Bu məbləğin təxminən 70 faiz artırılması minimum əməkhaqqının 680 manata çatdırılması deməkdir. Yəni 650-700 manat aralığında məbləğin müəyyənləşdirilməsi minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması anlamına gəlir. Minimum əməkhaqqının hazırkı səviyyədən 50-70 faiz artırılması vacibdir. Bu artım qiymətlərin yüksəlməsi fonunda real gəlirlərin qorunmasına və əhalinin istehlak imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər. Eyni zamanda, artımın təmin edilməsi üçün müvafiq maliyyə imkanları da nəzərə alınmalıdır”.
İqtisadçı bildirib ki, indiki şəraitdə bir çox hallarda işçinin əmək müqaviləsində rəsmi olaraq 270 manat və ya daha aşağı məbləğ göstərilir:
“Əməkhaqqının digər hissəsi isə qeyri-rəsmi şəkildə ödənilir. Bu baxımdan minimum maaşın artırılması ilə yanaşı, qərarın icrasına da ciddi nəzarət edilməlidir ki, əmək münasibətləri daha şəffaf olsun. Əgər minimum əməkhaqqı 600, 660 və ya 700 manat səviyyəsində müəyyənləşdiriləcəksə, işəgötürənlərin bundan aşağı rəqəm göstərməsinə yol verilməməlidir. Əks halda, minimum əməkhaqqının artırılması formal xarakter daşıya və işçilərin real gəlirlərinə təsiri məhdud qala bilər”.
Ekspert qeyd edib ki, minimum maaşın növbəti illərə saxlanılmadan məhz indiki mərhələdə artırılması daha məqsədəuyğundur:
“Konkret məbləğ müəyyən edilərkən orta aylıq əməkhaqqının səviyyəsi, əhalinin gündəlik ehtiyacları, bazarda qiymət artımları və ölkədəki ümumi iqtisadi proseslər nəzərə alınmalıdır. Bu amillərin nəzərə alınması əmək bazarının daha sabit və şəffaf fəaliyyət göstərməsi baxımından da əhəmiyyətlidir”.
















