“Ermənistan və Azərbaycan arasında münaqişə artıq başa çatıb”.
Cagdas.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin köhnə tərkibinin sonuncu iclasında deyib.
“2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı”, — deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması iqtisadiyyata yeni təkan verib.
“İnsanlar iqtisadi artımı gündəlik həyatlarında görməlidirlər və mən qərara gəlmişəm ki, Ermənistanda pensiyalar artırılmalıdır”, – deyə baş nazir bildirib.
Paşinyan əmin edib ki, 2028-ci ildən etibarən hakimiyyət pensiyaların məbləğini yenidən nəzərdən keçirəcək və onları ən azı inflyasiya səviyyəsində indeksləşdirəcək.
Baş nazir müxalifətdən də danışıb.
“Bu gün elə təminatlar yaratmalıyıq ki, seçicilərin satın alınması ilə məşğul olan qüvvələrin Ermənistanda hər hansı siyasi təsir imkanına malik olmaq üçün heç bir şansı qalmasın”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, parlamentdəki hazırkı müxalifət tamamilə qanunsuz fəaliyyət nəticəsində formalaşıb və Ermənistanın həmin dairələri gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum etmək üçün qanuni hüququ var:
“Ermənistanda kök salmış kriminal-oliqarxik sistemin aradan qaldırılması prosesləri açıq şəkildə xarici təsirlərlə müşayiət olunurdu. Bu, Ermənistanın təhlükəsizliyi üçün müəyyən təhdidlər də yarada bilərdi. Elə vəziyyətlər olurdu ki, biz elə bir həddə yaxınlaşırdıq ki, anlayırdıq: belə təsirlərin davam etməsi cavab addımlarına səbəb ola bilər və bu addımlar Ermənistan üçün hətta mövcudluq səviyyəsində nəticələr doğura, təhlükəsizlik təhdidlərinin kəskinləşməsinə gətirib çıxara bilər”.(modern.az)
















