“Bu gün Ermənistanda bütün qərarları xalq verir. Bu, müasir Ermənistanın və mənim siyasi fəaliyyətimin, eləcə də komandamızın fəaliyyətidir”.
Cagdas.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt İrəvanda seçkiqabağı təşviqat kampaniyasındakı çıxışı zamanı deyib.
O, nə vaxt istefaya gedə biləcəyini də söyləyib:
“Xalq mənim getməli olduğuma qərar verən an, müzakirəsiz gedəcəyəm. Əgər 700.000 nəfər, seçicilərin 50%+1%-i desə ki, Nikol, qal, Nikol qalacaq. Əgər xalq desə ki, Nikol, get… bəs Nikol kimdir ki, getməsin? Nikol xidmətçidir. Xidmətçi deyə bilərmi ki, yox, getməyəcəyəm?”.
Paşinyan deyib. Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniya 8 mayda başlayıb və 5 iyuna qədər davam edəcək.
Seçkilərdə iştirak etmək üçün 19 siyasi qüvvə qeydiyyatdan keçib: iki blok və 17 partiya.
Hakim “Vətəndaş müqaviləsi” Partiyası siyahıda 16 nömrə altında yarışır. Partiya Mərkəzi Seçki Komissiyasına 283 namizəddən ibarət seçki siyahısını, eləcə də milli azlıqları təmsil edən 10 namizəddən ibarət siyahı təqdim edib.(modern.az)
















