İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür.
Bu barədə həkim Viktoriya Kulaqina məlumat verib.
Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanın hüceyrə, toxuma və orqanlarının fəaliyyət effektivliyini göstərir. Qocalma tempinə irsiyyət, qidalanma tərzi, fiziki aktivlik səviyyəsi, yuxunun keyfiyyəti, stres, zərərli vərdişlər və xroniki xəstəliklər kimi amillər birbaşa təsir göstərir.
Mütəxəssis bildirir ki, eyni yaşda olan iki fərqli şəxsi eyni meyarlarla dəyərləndirmək düzgün deyil, çünki onların orqanizmlərinin vəziyyəti kəskin şəkildə fərqlənə bilər. İllər keçdikcə orqanizmdə hüceyrə zədələnmələri artır, immun sisteminin fəaliyyət mexanizmi dəyişir, iltihab prosesləri aktivləşir və telomerlərin uzunluğu qısalır.
Hazırda bioloji yaşı mütləq dəqiqliklə ölçmək qeyri-mümkündür. Bu məqsədlə qanın kompleks analizi, qaraciyər və böyrəklərin fəaliyyət göstəriciləri, qanda şəkər və xolesterinin səviyyəsi, həmçinin iltihab markerlərindən istifadə edilir. Bundan əlavə, insanın fiziki forması, əzələ gücü, yeriş sürəti, bədən müvazinəti və ürək-damar sisteminin ümumi sağlamlığı da nəzərə alınır.
Mütəxəssis vurğulayıb ki, yaşla əlaqədar dəyişiklikləri ləngitmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, sağlam yuxu rejiminə riayət etmək, balanslı qidalanmaq, tütündən imtina etmək, eləcə də qan təzyiqini, şəkər və xolesterin səviyyəsini daim nəzarətdə saxlamaq vacibdir.
Bununla yanaşı, ekspertlər xəbərdarlıq edirlər ki, bioloji yaşı müəyyən edən testlər qəti tibbi diaqnoz sayılmır. Yalnız bir göstəriciyə əsaslanaraq orqanizmin ümumi vəziyyətini tam dəyərləndirmək və insanın nə qədər yaşayacağını əvvəlcədən söyləmək mümkün deyil./Oxu.Az
















