Dünyanın əksər ölkələrində istifadə olunan pasportlar yalnız dörd rəngdən ibarətdir. Tünd qırmızı, mavi, yaşıl və qara. İlk baxışda təsadüf kimi görünsə də bu seçimlərin arxasında müəyyən siyasi, coğrafi və mədəni səbəblər dayanır.
Cagdas.az xəbər verir ki, hər bir ölkənin pasport dizaynı fərqli olsa da rəng seçimləri əsasən bu dörd əsas kateqoriya ətrafında formalaşır.
Bəs niyə yalnız bu rənglər istifadə olunur?
Pasportların rəngi müəyyən edilərkən adətən ölkənin coğrafi mövqeyi, siyasi ittifaqları, dini və mədəni dəyərləri nəzərə alınır.
Tünd qırmızı rəngli pasportlar ən geniş yayılmış növlərdən biridir. Avropa İttifaqına üzv ölkələrin böyük hissəsi bu rəngdən istifadə edir. Bu rəng zamanla Avropa ilə assosiasiya olunmağa başlayıb.
Mavi pasportlar daha çox Amerika qitəsi ölkələrində seçilir. ABŞ-nin mavi pasporta keçidindən sonra bir çox dövlət də oxşar çalarlara üstünlük verməyə başlayıb. Mavi rəng adətən “yeni dünya” və azadlıq anlayışı ilə əlaqələndirilir.
Yaşıl pasportlar əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrdə istifadə olunur. İslam mədəniyyətində yaşıl rəngin xüsusi dini və simvolik mənası olduğuna görə bu seçim geniş yayılıb.
Qara pasportlar isə daha nadir rast gəlinir. Rəsmi və ciddi görünüşü, həmçinin kir göstərməməsi səbəbilə bəzi Afrika ölkələrində və diplomatik sənədlərdə istifadə edilir.
Bu səbəbdən pasport rənglərinin seçimi təsadüfi hesab olunmur. Onlar ölkələrin tarixi keçmişini və mədəni dəyərlərini əks etdirir.(sfera.az)
















