13-15 yaşlı yeniyetmələr isə valideyn nəzarətində olan məhdud hesablarla sosial mediadan istifadə edə biləcəklər. 15 yaşdan sonra isə onların müstəqil hesab idarə etməsinə imkan yaradılması planlaşdırılır.
Avropa İttifaqının uşaqların sosial media və rəqəmsal platformalardan istifadəsinə yaş məhdudiyyətləri tətbiq etməyə hazırlaşması fonunda bu məsələ Azərbaycanda da aktuallığını qoruyur. Xüsusilə, son dövrlərdə azyaşlıların internet mühitində qarşılaşdığı risklər ciddi narahatlıq doğurur.
Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxs canına qıyıb. Baş Prokurorluğun məlumatına görə, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib. Keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub. Bu hadisə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması və onların onlayn fəaliyyətinə nəzarət məsələsini yenidən gündəmə gətirib.

Maraqlıdır, bu və bu kimi platformalar Azərbaycanda qadağan oluna bilərmi?
Cagdas.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, bütün dünyada internet təhlükəsizliyinin təmin olunması istiqamətində müəyyən işlər görülsə də, rəqəmsal mühitdə olan təhlükələrin qarşısını tam şəkildə almaq mümkün deyil:
“Əlbəttə ki, uşaqlar rəqəmsal mühitdə ən həssas istifadəçi qrupudur, internetin
təqdim etdiyi faydalarla yanaşı, orada yayılan zərərli məzmunlar onların fiziki və ya psixi
sağlamlığına mənfi təsir göstərir.
Nəzərə alsaq ki, uşaqlar internetdən tədris, rəqəmsal resursların əldə olunması,
müxtəlif sahədə bilik və bacarıqların artırılması, asudə vaxtlarında inkişaf və əyləncə
məqsədilə istifadə edirlər, onların internet təhlükəsizliyinin təmin olunması ən aktual
məsələlərdəndir.
Dövlətin uşaq hüquqlarının müdafiəsinə həssas yanaşmasının nəticəsi olaraq,
artıq 2018-ci ildən etibarən uşaqların zərərli informasiyadan qorunması sahəsində
xüsusi qanunvericilik formalaşmışdır.
Ölkəmizdə 30 oktyabr 2018-ci il tarixində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul olunub, 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib. Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Bu qanunun icrasına nəzarət həm dövlət və həm də ictimai nəzarət formasında
həyata keçirilir. Qanunun icrasına dövlət nəzarəti müvafiq sahələr üzrə aidiyyəti
qurumlar tərəfindən həyata keçirilir.
Dövlət qurumlarının koordinasiyalı fəaliyyəti ilə yanaşı, ictimai nəzarətin təşkili
baxımından bütün vətəndaşlar, xüsusən də valideynlər, müəllimlər, yetkinlik yaşına
çatmayanlarla birbaşa çalışan şəxslər öz dəstəyini əsirgəməməli, bu prosesin
iştirakçısına çevrilməlidirlər”.

Dövlət Komitəsindən o da qeyd olunub ki, uşaqların zərərli informasiyadan qorunmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür:
“Yeni qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanunda internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən təhlükəli əməllər də uşaqlara qarşı zorakılıq kimi tanınır. Qanunda uşaqların zərərli informasiyadan qorunması valideynlərin və onları əvəz edən şəxslərin vəzifəsi kimi müəyyən edilib.
Azərbaycan Prezidenti tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 2026-cı il 27 fevral tarixli 962 nömrəli Sərəncamı imzalanıb. Sərəncam uşaqların rəqəmsal rifahı məsələsini dövlət səviyyəsində ayrıca siyasət istiqaməti kimi müəyyən etməklə yanaşı, həm də aidiyyəti dövlət orqanları ilə koordinasiyalı fəaliyyətin təşkilinə şərait yaratmaqla uşaq yönümlü yanaşmanın əhəmiyyətini artırıb.
Bu sərəncamdan irəli gələrək İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 30 İyun 2026-cı il tarixli qanun qəbul edilib.

Qanuna əsasən uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaş məhdudiyyətinin müəyyən edilməsi ilə yanaşı, qanunvericiliyə yeni anlayışlar, inzibati tənzimləmə mexanizmləri və məsuliyyət növləri gətirilmiş, aşağıdakı vacib məsələlər nəzərdə tutulub:
– 16 yaşdan aşağı şəxslərin fərdi rəqəmsal hesab yaratmasına qadağa;
– fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının bəyan edilməsi və
valideynin (qanuni nümayəndənin) razılığı ilə bağlı tələblər;
– platformada yerləşdirilən məzmun və reklamların dairəsinin qanuni nümayəndə
tərəfindən idarə edilməsi;
– istifadəçinin yaşının yoxlanılması məqsədi ilə provayder tərəfindən toplanılan
fərdi məlumatlarla bağlı tələblər;
– provayderlərin ölkə ərazisində fəaliyyətinə dair tələblər;
– tələbləri pozan provayderlər üçün məsuliyyəti.
Bu qanunla yanaşı, qanunvericilikdə digər normativ sənədlərdə də uşaqların zərərli informasiyadan qorunması əsas prioritet istiqaməti təşkil edir. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası – Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli sərəncamı ilə təsdiq edilib.
Strategiyada hədəf göstəricilərdən biri də internetdən gələn qlobal təhdidlərdən, zərərli informasiyalardan və yaranan fəsadlardan uşaqların mühafizəsidir. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 8.8.2-ci bəndində uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsinə təşkilati dəstək verilməsi ilə bağlı tədbirlər qeyd olunub.
Eyni zamanda Azərbaycanın informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyasının 8.8.2.2-ci bəndinə əsasən, yaxın illərdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzinin yaradılması nəzərdə tutulub”.
Bundan əlavə qeyd olunub ki, Dövlət Komitəsi tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna dəyişikliklər təklif olunub:
“Qlobal rəqəmsal platformaların fəaliyyətlərinin ölkələrin milli qanunvericiliyinə uyğunlaşdırılması prosesində qarşıya çıxan texniki və institusional çətinliklər, onların yerli nümayəndəliklərinin olmaması sərhədsiz məkanda bu platformaların fəaliyyətinin tənzimlənməsini aktual problemə çevirib. Bu səbəbdən cari ilin mart ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Roblox” oyun qlobal platforması arasında onlayn görüş keçirilib.
Görüşdə “Roblox”-un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq, ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyi, oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə edilib, uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşün nəticəsi olaraq, 16 iyun 2026-cı ildə “Roblox” platforması müxtəlif yaş kateqoriyalarına uyğun olaraq “Roblox Kids” (5–8 yaş) və “Roblox Select” (9–15 yaş) hesablarının qlobal səviyyədə istifadəyə verildiyini elan edilib. Eyni zamanda platforma tərəfindən müəyyən təhlükəsizlik tədbirləri tətbiq edilib. Məlumat üçün bildiririk ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-3-cü maddəsinə əsasən internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların zərərli informasiyadan qorunması məqsədilə, valideynlər üçün tövsiyələr də hazırlayıb. Bunlar aşağıdakılardır:
Valideynlər övladlarının öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan
faydalanmasına ciddi nəzarət etməlidirlər.
Uşağın istifadə etdiyi informasiya məhsullarının yaş kateqoriyasına uyğun
düzgün işarələndiyindən əmin olmalıdırlar.
Yaş kateqoriyası düzgün işarələnməmiş məhsul aşkarladıqda, Dövlət Komitəsinə
və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək, məlumat verməlidirlər.
Uşağın maraqlandığı informasiya məhsulları (rəqəmsal oyunlar, film, video və
digər audiovizual məhsullar, musiqilər, hətta bədii kitablar, mədəni-kütləvi
tədbirlər) haqqında valideynlər ətraflı məlumat əldə etməyə çalışmalıdırlar.
İnternet şəbəkəsi üzərində filtr proqramları tətbiq olunmalıdır.
Uşaqların istifadə etdiyi kompüter, planşet, smart telefon, televizor və digər rəqəmsal avadanlıqlara valideyn nəzarəti proqramları yüklənməli və uşaqda asılılığın yaranmaması üçün gün ərzində istifadə müddəti onun yaşına uyğun olaraq tənzimlənməlidir. ( 6 yaşdan etibarən gündə 1 saat, 9 yaşdan etibarən 1 saat 30 dəqiqə, 12 yaşdan etibarən gündə 2 saat)
Müasir dövrdə azyaşlıların zərərli informasiyanın ən təhlükəli formaları ilə internətdə rastlaşdığını nəzərə alsaq, uşaqların sosial şəbəkələrdən (“İnstagram”, “TikTok”, “Snapchat”, “Facebook” və s.) istifadə etməsinə valideyn tərəfindən yaşına uyğun məhdudiyyət qoyulmalıdır.
Uşaqlara sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmamağı, adı, soyadı, fotoşəkilləri, evinin və ya məktəbinin ünvanını, telefon nömrəsi, şifrələri və digər şəxsi məlumatlarını paylaşmamağı tapşırmaq lazımdır.
Valideynlər övladları ilə daha çox vaxt keçirərək, onunla həmsöhbət olmalı, çətinliklərini, problemlərini, qorxularını dinləməli, uşağın ən etibarlı dostu olmalıdırlar.\ölkə.az\
















