Son günlər Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın bir sıra fövqəladə və səlahiyyətli səfirlərinin yeeri dəyişdirilib. Macarıstanda fəaliyyət göstərən Tahir Tağızadənin Serbiyaya, Serbiyadakı səfir Kamil Xasiyevin Avstriyaya, Avstriyada və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndə vəzifəsini icra edən Rövşən Sadıqbəylinin isə BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndə təyin edilməsi diplomatik xidmət sistemində rotasiya prinsipinin praktik tətbiqinin növbəti nümunələridir.
Beynəlxalq diplomatik praktikada səfirlərin müəyyən müddətdən sonra başqa ölkələrə və ya beynəlxalq təşkilatlara təyin olunması geniş tətbiq edilən idarəetmə modelidir. Bu yanaşmanın əsas məqsədi diplomatların müxtəlif regionlar üzrə təcrübəsinin artırılması, fərqli siyasi və iqtisadi mühitlərdə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin dövlətin xarici siyasət prioritetlərinin daha çevik şəkildə həyata keçirilməsidir.
Mütəxəssislərin fikrincə, eyni diplomatın müxtəlif ölkələrdə xidmət aparması yeni əlaqələrin qurulmasına, fərqli diplomatik təcrübələrin mənimsənilməsinə və əldə olunan biliklərin digər missiyalarda tətbiqinə imkan yaradır. Xüsusilə çoxtərəfli diplomatiya, iqtisadi əməkdaşlıq və beynəlxalq təşkilatlarla münasibətlər sahəsində təcrübəli diplomatların rotasiyası dövlətin maraqlarının daha səmərəli müdafiəsinə töhfə verə bilər.
Bununla yanaşı, rotasiyanın müəyyən çətinlikləri də mövcuddur. Uzun illər fəaliyyət göstərən səfir qəbul edən ölkənin siyasi dairələri, biznes ictimaiyyəti və diplomatik korpusu ilə etimada əsaslanan münasibətlər formalaşdırır. Yeni təyinat zamanı həmin əlaqələrin yenidən qurulması müəyyən vaxt tələb edir ki, bu da qısamüddətli dövrdə diplomatik fəaliyyətin intensivliyinə təsir göstərə bilər.
Cagdas.az xəbər veriri ki Mövzu ilə bağlı Milli Məclisin deputatı Sevinc Fətəliyeva Modern.az-a açıqlama verib:
“Azərbaycanın xarici siyasəti hazırda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib, bununla yanaşı milli diplomatiyanın məzmunu və qarşısında duran vəzifələr də dəyişib. Uzun illər ərzində əsas prioritet Azərbaycanın ərazi bütövlüyü prinsipinə beynəlxalq dəstəyin təmin olunması və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idisə, bu gün diplomatik gündəlik xeyli genişlənib”.
Deputat bildirib ki, bu gün Azərbaycan qalib dövlət, regional proseslərin aparıcı iştirakçılarından biri, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf sahələrində etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, ölkəmizin beynəlxalq təşkilatlardakı rolu artır, Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi isə xarici siyasətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bütün bunlar sürətlə dəyişən beynəlxalq mühitdə səmərəli fəaliyyət göstərə bilən, yüksək peşəkarlığa malik diplomatik xidmətin formalaşdırılmasını zəruri edir.

“Müasir diplomat yalnız konkret regionu dərindən bilməklə kifayətlənməməli, qlobal prosesləri kompleks şəkildə qiymətləndirməyi bacarmalı, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda ölkəsinin maraqlarını peşəkar şəkildə müdafiə etməlidir. Məhz bu baxımdan diplomatik nümayəndəliklərin rəhbərlərinin təyin olunması ilə bağlı kadr qərarları qiymətləndirilməlidir. Diplomatik rotasiya texniki kadr dəyişiklikləri deyil, inkişaf etmiş diplomatik xidmətə malik dövlətlərin geniş tətbiq etdiyi müasir diplomatiyanın mühüm alətlərindən biridir”.
Müsahibimizn fikrincə, rotasiya Azərbaycanın xarici siyasətinin yeni prioritetlərinə cavab verir.
“Müasir diplomatiya artıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Beynəlxalq təşkilatlar, çoxtərəfli danışıqlar platformaları və regional inteqrasiya birlikləri getdikcə daha böyük əhəmiyyət kəsb edir. Buna görə diplomat həm müxtəlif dövlətlərin paytaxtlarında, həm də beynəlxalq institutlarda ölkəsinin maraqlarını eyni peşəkarlıqla təmsil etməlidir. Şərqi Avropa, Mərkəzi Asiya və digər regionlarda, eləcə də beynəlxalq təşkilatlarda fəaliyyət diplomata geniş peşəkar dünyagörüşü qazandırır və universal mütəxəssis kimi formalaşdırır. Müasir diplomatiyanın xarakteri də əhəmiyyətli dərəcədə dəyişib. Geosiyasi rəqabətin güclənməsi, yeni güc mərkəzlərinin formalaşması, rəqəmsal diplomatiyanın inkişafı, beynəlxalq nəqliyyat marşrutları, enerji bazarları, investisiyalar və texnoloji əməkdaşlıq uğrunda rəqabət diplomatlardan əvvəlki dövrlərlə müqayisədə daha geniş bilik və bacarıqlar tələb edir. Azərbaycan üçün bu, xüsusilə enerji diplomatiyası və Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərində özünü daha qabarıq göstərir. Ölkəmizin artan beynəlxalq nüfuzu diplomatdan eyni vaxtda bir neçə regional və sahəvi gündəliyi dərindən mənimsəməyi tələb edir. Bununla yanaşı, iqtisadi diplomatiya, iqlim gündəliyi, süni intellekt və beynəlxalq informasiya siyasəti ilə bağlı məsələlərin rolu da getdikcə artır. Belə şəraitdə universallıq müasir diplomatın əsas peşəkar keyfiyyətlərindən birinə çevrilir.
Rotasiya diplomatik xidmətin obyektivliyinin qorunmasında da mühüm rol oynayır. Beynəlxalq praktikada “akkreditə olunduğu ölkə ilə eyniləşmə sindromu” anlayışı geniş tanınır. Bir ölkədə uzunmüddətli fəaliyyət diplomatın yerli siyasi, ekspert və ya biznes dairələri ilə həddindən artıq yaxınlaşmasına, nəticədə isə peşəkar obyektivliyin zəifləməsinə səbəb ola bilər. Xidmət yerinin müntəzəm dəyişdirilməsi diplomata müstəqil yanaşmasını qorumağa və əsas prioritet olan dövlətinin milli maraqlarını daim ön planda saxlamağa imkan verir”,- deyən Sevinc Fətəliyeva əlavə edib ki, fərqli ölkələrdə və müxtəlif istiqamətlər üzrə fəaliyyət eyni zamanda digər mühüm vəzifəni də yerinə yetirir – beynəlxalq prosesləri kompleks şəkildə dərk edən peşəkar diplomatların yetişdirilməsinə xidmət edir.
“Diplomat yeni dillər öyrənir, müxtəlif idarəetmə modellərini və işgüzar mədəniyyətləri mənimsəyir, əldə etdiyi təcrübə isə gələcəkdə həm Xarici İşlər Nazirliyinin Aparatında, həm də xarici nümayəndəliklərdə rəhbər vəzifələrdə fəaliyyət üçün möhkəm zəmin yaradır”.
Deputat qeyd edib ki, rotasiyanın mühüm üstünlüklərindən biri də diplomatik nümayəndəliklərin fəaliyyətinə yeni yanaşmaların gətirilməsidir.
“Hər bir yeni missiya rəhbəri öz peşəkar təcrübəsini, müasir idarəetmə metodlarını, yeni təşəbbüs və ideyalarını təqdim edir. Bu isə ikitərəfli əməkdaşlığın inkişafı üçün əlavə imkanların yaranmasına, dövlət qurumları, biznes dairələri, ekspert ictimaiyyəti və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinə şərait yaradır. Diplomatik rotasiya gələcək rəhbər kadrların hazırlanması baxımından da mühüm əhəmiyyət daşıyır. Müxtəlif regionlarda və beynəlxalq təşkilatlarda fəaliyyət beynəlxalq münasibətlər sisteminin kompleks şəkildə mənimsənilməsinə imkan yaradır və diplomatik xidmətin rəhbər heyətinin formalaşdırılması üçün zəruri təcrübə bazası yaradır”.
“Şübhəsiz ki, diplomatik missiya rəhbərinin dəyişməsi müəyyən uyğunlaşma dövrü tələb edir. Uzun illər ərzində səfir qəbul edən ölkənin dövlət qurumları, parlamenti, ekspert və biznes dairələri, media nümayəndələri ilə dayanıqlı peşəkar əlaqələr formalaşdırır. Yeni rəhbərin isə bu münasibətləri yenidən qurması zərurəti yaranır. Lakin peşəkar diplomatik xidmətin əsas göstəricisi məhz şəxslərdən asılı olmayaraq, institusional varisliyi təmin etmək bacarığıdır. Effektiv diplomatiyanın əsasında güclü dövlət institutları, vahid xarici siyasət strategiyası və yüksək peşəkarlığa malik diplomatik korpus dayanmalıdır. Beləliklə, diplomatik kadrların rotasiyası sadəcə kadr mexanizmi deyil, Azərbaycanın müasir xarici siyasət strategiyasının mühüm tərkib hissəsidir. Bu mexanizm çevik, peşəkar və universal diplomatik korpusun formalaşmasına, milli maraqların sürətlə dəyişən beynəlxalq şəraitdə daha səmərəli müdafiəsinə xidmət edir. Məhz belə yanaşma Azərbaycanın hazırkı inkişaf mərhələsinə, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və ölkə diplomatiyasının qarşısında duran genişmiqyaslı vəzifələrə tam uyğundur”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.
















