Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.
Çağdaş.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak bu barədə “Milliyet” qəzetində dərc olunan məqaləsində maraqlı məqamlara toxunub.
Məlumata görə, Endokrinologiya Cəmiyyətinin ENDO 2026 Konqresində təqdim olunan eksperimental tədqiqatda iki fərqli qidalanma modeli 16 həftə ərzində müqayisə edilib. Hər iki qrup eyni miqdarda yağ qəbul etsə də, bir qrupun rasionunda süfrə şəkəri (saxaroza) tamamilə çıxarılıb, digər qrup isə müəyyən miqdarda şəkər qəbul edib.
Araşdırmanın nəticələri göstərib ki, şəkərsiz qidalanan qrupda qan şəkərinin tənzimlənməsi çətinləşib, insulin müqaviməti artıb, bağırsaq mikrobiotasının balansı pozulub, həmçinin bağırsaq və qaraciyərdə iltihab göstəriciləri yüksəlib. Maraqlıdır ki, bu dəyişikliklər iştirakçıların bədən çəkisi oxşar qalmasına baxmayaraq müşahidə olunub.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr şəkər istehlakını artırmaq anlamına gəlmir. Əsas mesaj ondan ibarətdir ki, sağlam qidalanma yalnız bir qida komponentini tamamilə rasiondan çıxarmaqla təmin edilmir. Orqanizmin sağlamlığı qidaların ümumi balansından və onların bir-biri ilə qarşılıqlı təsirindən asılıdır.
Məqalədə qeyd olunur ki, bağırsaq mikrobiotası immun sisteminin fəaliyyəti, maddələr mübadiləsi, iştaha nəzarəti və qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Həddindən artıq sərt pəhrizlər isə bu həssas ekosistemin balansını poza bilər.
Mütəxəssislər sağlam qidalanma üçün liflə zəngin tam taxıllar, paxlalılar, tərəvəz və meyvələrə üstünlük verməyi, keyfiyyətli zülal və sağlam yağ mənbələrini rasiona daxil etməyi tövsiyə edirlər. Fermentləşdirilmiş süd məhsulları – kefir və yoqurt da bağırsaq mikrobiotasının dəstəklənməsində faydalı hesab olunur.
Bundan əlavə, yay aylarında istehlak edilən soyuq qəhvə və digər içkilərdəki əlavə şəkərə diqqət yetirmək tövsiyə olunur. Mütəxəssislər şərbət, krem və müxtəlif əlavələrsiz içkilərə üstünlük verməyi, şirin istəyi yarandıqda isə içkiyə şəkər əlavə etmək əvəzinə kiçik porsiya desert seçməyi məsləhət görürlər.
Yay mövsümünün meyvələri – üzüm, ərik, albalı, şaftalı, qovun, qarpız, vişnə, moruq və gavalı həm dadlı, həm də faydalı seçim hesab olunur. Onların kefir, yoqurt və ya bir ovuc çərəzlə birlikdə istehlakı daha balanslı ara yemək formalaşdırmağa kömək edə bilər./musavat.com
















