Son dəqiqə

SEPAH ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurduğunu açıqladı – 6 PUA ilə hücum

Dünya

İranla ABŞ arasında hərbi qarşıdurma fonunda SEPAH Bəhreyndə yerləşən ABŞ hərbi infrastrukturunu hədəf aldığını açıqlayıb. İran tərəfinin iddiasına görə, altı pilotsuz uçuş aparatı (PUA) ABŞ-nin helikopter bazasının hava hücumundan müdafiə sisteminə aid radar qurğusuna zərbə endirib.

Çağdaş.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi SEPAH-ın yaydığı məlumata istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə məxsus altı PUA müəyyən edilmiş hədəfə hücum edib. SEPAH zərbələrin dəqiq olduğunu iddia edir. Məlumata görə, partlayış səsləri Bəhreynin müxtəlif ərazilərində eşidilib.

SEPAH bəyanatında ABŞ-nin Hörmüz boğazında neft daşımalarını müşayiət etmək məqsədilə həyata keçirdiyi əməliyyatın uğursuzluğa düçar olduğunu da bildirib.

İran hərbi qurumu eyni zamanda Hörmüz boğazının bağlı olduğunu vurğulayıb və ABŞ-nin bölgədə istənilən hərbi müdaxiləsinə daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Bəhreyn ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun əsas mərkəzlərindən biridir. Ölkədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir. Bu səbəbdən Bəhreyndəki ABŞ hərbi obyektlərinin hədəfə alınması regionda qarşıdurmanın daha geniş coğrafiyaya yayılması riskini artırır.

Hələlik radar qurğusuna dəymiş zərərin miqyası, mümkün insan tələfatı və hücumun nəticələri barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur./Musavat.com