ABŞ-ın Semafor nəşrinin təhlilinə görə, “Saudi Aramco”nun Asiya bazarı üçün neft qiymətlərini aşağı salması Səudiyyə Ərəbistanının bazar payını qorumaq məqsədilə daha aqressiv strategiyaya keçə biləcəyinə işarə edir.
Çağdaş.Az-ın xəbərinə görə, təhlildə bildirilir ki, “Saudi Aramco” bu ay Asiyaya satılacaq “Arab Light” markalı xam neftin rəsmi satış qiymətini Oman/Dubay etalonundan bir barel üçün 2 dollar aşağı müəyyənləşdirib.
Şirkətin qiymət cədvəlinə əsasən, bu, 2020-ci ilin iyun ayından bəri Arab Light nefti üçün Asiya bazarında tətbiq edilən ən aşağı rəsmi qiymət fərqidir.
Bundan əvvəl, avqust ayında da eyni neft markasının qiyməti Oman/Dubay göstəricisindən 1,5 dollar aşağı müəyyən edilmişdi. Reuters-in məlumatına görə, iyul ayında həyata keçirilən 11 dollarlıq endirim isə aylıq əsasda indiyədək qeydə alınmış ən böyük qiymət azalması olub.
Qiymət endirimi əsasən Asiyada tələbin zəifləməsi və regional neft göstəricilərinin ucuzlaşması ilə əlaqələndirilsə də, analitiklər bunun OPEC+ daxilində artan rəqabətin də göstəricisi olduğunu bildirirlər.
Məlumata görə, Səudiyyə Ərəbistanı uzun müddətdir hasilatı məhdudlaşdıraraq neft qiymətlərini yüksək saxlamağa çalışır. Lakin OPEC+ daxilində hasilatı artırmaq istəyən ölkələrin sayı artır.
Xüsusilə, İraq daha yüksək hasilat kvotası tələb edir. Birləşmiş Ərəb Əmirlikləri isə istehsal gücünün mövcud kvotalarda tam əks olunmadığını əsas gətirərək may ayında OPEC və OPEC+ əməkdaşlıq mexanizmindən ayrılıb.
Hazırda OPEC+ üzv ölkələrin istehsal potensialını yenidən qiymətləndirir və bu prosesin 2027-ci il hasilat kvotaları ilə bağlı yeni fikir ayrılıqları yarada biləcəyi qeyd olunur.
Semaforun təhlilinə əsasən, mövcud vəziyyət Riyad üçün çətin seçim yaradır.
Əgər Səudiyyə Ərəbistanı hasilatı məhdudlaşdıraraq qiymətləri yüksək saxlamağa davam etsə, Asiya bazarında rəqiblərinə daha çox pay vermək riski ilə üzləşə bilər.
Digər tərəfdən, hasilatı və ixracı artıraraq bazar payını qorumağa çalışması qlobal neft təklifini artıracaq və bu da dünya bazarında neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərə bilər.
Xəqani Əzizli
















