Gündəlik həyatda ən sağlam vərdişlərdən biri sayılan su içmək əslində çoxlarının düşündüyü kimi sadə deyil. Mütəxəssislər bildirir ki, su istehlakı ilə bağlı illərdir formalaşmış bəzi yanaşmalar doğru olmaya bilər.
Cagdas.az xəbər verir ki, nefroloq Sinan Erten bildirib ki, suya olan gündəlik tələbat fərdin yaşı, bədən çəkisi, iqlim şəraiti və fiziki aktivliyindən asılı olaraq dəyişir. Belə ki, gündə 2-3 litr su içmək kimi ümumi qayda hər kəs üçün keçərli hesab edilmir.
Onun sözlərinə görə, sağlam insan orqanizmi su balansını özü tənzimləyir. Böyrəklər və beyində yerləşən hipofiz vəzi su çatışmazlığı zamanı susuzluq hissini artırır, artıq olduqda isə ifrazı tənzimləyir. Bu səbəbdən sağlam şəxslərin su qəbuluna görə narahatlıq keçirməsi əksər hallarda əsassızdır.
Həkim qeyd edib ki, həddindən artıq su qəbulu bəzi hallarda, xüsusilə yaşlı insanlarda və müəyyən dərmanlardan istifadə edənlərdə hiponatremiyaya səbəb ola bilər ki, bu da ciddi fəsadlara yol aça bilər.
Eyni zamanda vurğulanıb ki, yatmazdan əvvəl çox su içmək böyrəklər üçün əlavə fayda vermir, əksinə yuxunun bölünməsinə səbəb ola bilər.
Mütəxəssislər sağlam şəxslərə əsas tövsiyə kimi susadıqca su içməyi məsləhət görürlər. Xroniki xəstəliyi olanlara isə su qəbulunu həkimlə məsləhətləşərək tənzimləmək tövsiyə edilir.(metbuat.az)
















