Azərbaycanda taksi sifarişi operatorları vasitəsilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslər üçün yeni vergi mexanizmi müəyyənləşdirilir.
Cagdas.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, taksi sifarişi operatorları vasitəsilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə həmin operatorlar tərəfindən ödənilən gəlirlərdən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanacaq.
Bununla əlaqədar taksi sifarişi operatorları vasitəsilə xidmət göstərən şəxslərin mövcud sabit sadələşdirilmiş vergi mexanizmindən ayrılması nəzərdə tutulur.
Dəyişikliklər taksi sürücülərinə verilən “Fərqlənmə nişanı” ilə bağlı tələbləri də əhatə edir.
Belə ki, taksi sifarişi operatorları vasitəsilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə “Fərqlənmə nişanı” hesablanmış məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları tam ödənildikdən sonra veriləcək.
Digər sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta ödənişləri ilə bağlı mövcud tələblər saxlanılacaq.


