Avstraliyada sörfinqlə məşğul olmaq üçün torpaq sahəsi alan cütlük həmin ərazidən çıxan yeraltı suyun unikal mineral mənbəyi olduğunu kəşf edib.
Cagdas.az xarici KİV-ə istinadən xəbər verir ki, illərlə bu sudan sadəcə məişət işlərində və tərəvəz suvarılmasında istifadə edən ailə indi böyük bir brendin sahibidir.
Beynəlxalq su dadma müsabiqəsində maksimum (100) bal toplayan bu su hazırda lüks restoranlarda şüşəsi 10 Avstraliya dollarına təqdim olunur.
Məlumatda bildirilir ki, 2008-ci ildə Cənubi Avstraliyanın York yarımadasından torpaq sahəsi alan Demien Smit və Qretçen Skinta cütlüyünün həyatı okeana yaxın ərazilərində şirin su xərçənglərini fərq etmələri ilə dəyişib.
Yeraltı su təbəqəsindən çəkdikləri sudan uzun illər boyunca istifadə edən ikili onun şəffaflığına və xüsusi dadına heyran qaldıqdan sonra nümunələri laboratoriyaya göndərib. Analiz nəticələri göstərib ki, okeana yaxınlığına baxmayaraq xarici amillərdən tam qorunan bu mənbə son dərəcə təmizdir və nadir mineral tərkibə malikdir.
Keçmiş şərabçılıq təcrübəsindən bəhrələnən cütlük torpaqlarındakı təbii sərvəti kommersiya layihəsinə çevirərək “Carribie Mineral Water” brendini təsis edib. Kanadada keçirilən nüfuzlu beynəlxalq su dadma müsabiqəsinə qatılan brendin qazsız su versiyası 100 mümkün baldan 100 tam bal, qazlı versiyası isə 99 bal toplayaraq keyfiyyətini qlobal miqyasda sübut edib.
Mənbəyindən qida standartlarına uyğun xüsusi borularla çəkilərək Adelaida yaxınlığındakı müəssisələrdə şüşələnən “Carribie Mineral Water” hazırda regionun seçilən lüks restoranlarında satılır. İllərlə adi məişət suyu kimi istifadə etdikləri mənbəyi beynəlxalq brendə çevirən cütlük bu təsadüfi kəşf sayəsində böyük biznes uğuruna imza atıb.\musavat.com\
















