ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirləri öz sosial media hesabında paylaşıb.
Cagdas.az xəbər verir ki, paylaşımda Şuşa Forumunda ölkə başçısı İlham Əliyevin çıxışına fokuslanan məqalə təqdim olunub.
Məqalədə Prezident İlham Əliyevin Trampı “sülhsevər insan” kimi xarakterizə etdiyi və onun Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında həlledici rol oynadığını bildirdiyi qeyd olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılışında “Breitbart News”un sualını cavablandırarkən ABŞ prezidentinin Azərbaycan-Ermənistan münaqişəsinin həllinə yanaşmasının əvvəlki administrasiyalardan əsaslı şəkildə fərqləndiyini bildirib.
Dövlət başçısının sözlərinə görə, əvvəlki administrasiyalar təxminən 30 il ərzində münaqişəni həll etmək əvəzinə, onu faktiki olaraq donduran siyasət yürüdüblər. Donald Tramp isə məsələyə tamamilə fərqli yanaşıb.
İlham Əliyev Donald Trampı “sülhü sevən” və “sülhü fürsət kimi görən” şəxs kimi xarakterizə edib. Prezident bildirib ki, Tramp və onun komandası Azərbaycanın narahatlıqlarını anlayıb, Ermənistanı sülhün hər iki ölkənin maraqlarına xidmət etdiyinə inandırmağa çalışıb və nəticədə sülhün mümkün olduğu bir çərçivə yaradıb.
Azərbaycan Prezidenti ötən ilin avqustunda Ağ Evdə keçirilən görüşü də xatırladıb. Həmin görüşdə Donald Tramp İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Liderlər Birgə Bəyannamə imzalayıb, iki ölkənin xarici işlər nazirləri isə sülh sazişinin mətnini ilkin olaraq paraflayıblar.
Məqalədə qeyd olunur ki, Ağ Evdə əldə olunan razılaşma çərçivəsində onun müddəalarının növbəti altı ay ərzində həyata keçirilməsi üçün ABŞ-Azərbaycan birgə işçi qrupu da yaradılıb.
İlham Əliyev bildirib ki, bu, Tramp administrasiyasının əldə olunan razılaşmanın həyata keçirilməsinə sadiqliyini göstərir.
Azərbaycan Prezidenti Trampın yanaşmasını əvvəlki ABŞ administrasiyalarının siyasəti ilə müqayisə edərək qeyd edib ki, əvvəlki yanaşma münaqişənin həllindən daha çox status-kvonun qorunmasına xidmət edib. Tramp administrasiyası isə sülhü əldə edilə bilən məqsəd kimi görüb və uzunmüddətli nizamlanmaya çalışıb.
İlham Əliyev həmçinin ABŞ-Azərbaycan münasibətlərinin Donald Trampın prezidentliyi dövründə “ən yüksək” və “misli görünməmiş” səviyyəyə çatdığını bildirib.
Azərbaycan Prezidenti Donald Trampa, eləcə də onun komandasında yer alan Stiv Uitkoff və Arye Laytstouna təşəkkür edib və onların Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.(modern.az)
















